Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketlərinin yeni partiyasını göndərəcək.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, Vaşinqtondan gözlənilən tədarükə əlavə olaraq, NATO sammiti çərçivəsində avropalı tərəfdaşlarla da əlavə PAC-3 sistemlərinin alınması barədə razılaşmalar əldə olunub.
"Yaxın günlərdə ABŞ-dən bir partiya qəbul edəcəyik. Bundan başqa, avropalı tərəfdaşlarla da ayrıca razılaşmalarımız var. Hələlik dəqiq tarixlər müəyyən edilməyib, lakin əlavə PAC-3 sistemləri də təqdim olunacaq", – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampa Ukraynada "Patriot" sistemlərinin istehsalı üçün lisenziyanın verilməsi ilə bağlı müsbət qərara görə təşəkkür edib. Onun sözlərinə görə, hazırda dünyada yalnız bir neçə ölkə bu texnologiyanı istehsal etmək imkanına malikdir və ABŞ Ukraynanı da belə ölkələrdən biri kimi qiymətləndirir.