Bakı.Trend:
ABŞ-İran eskalasiyalarının yenidən alovlanması fonunda Bəhreyndə ümumilli həyəcan elan edilib.
Bu barədə “Al-Jazeera” telekanalı Bəhreynin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
İrandan raket və dron hücumları ilə əlaqədar bütün ölkə ərazisində olan sakinlərə və xarici vətəndaşlara ən yaxınlıqdakı təhlükəsiz obyektlərə sığınmaq və təşvişə düşməmək tapşırılıb.
Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldı. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.