Bakı. Trend:
Almaniyanın “Quantum Systems” şirkəti uçuş zamanı saatda 700 kilometr sürətə çatan “Apex Recordhunter” dronunu sınaqdan keçirib.
Bu barədə xarici mediada məlumat yayılıb.
Məlumata əsasən, əgər təyyarə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən təsdiqlənərsə, dünyanın ən sürətli elektrikli təyyarəsi olacaq.
Şirkət hazırda nəticənin rəsmi təsdiqini gözləyir və daha iki rekord vurmağı planlaşdırır.
Elektrikli təyyarələr üzrə hazırkı dünya rekordu əvvəllər 555,9 kilometr/saat sürətə çatan “Rolls-Royce Spirit of Innovation”a məxsusdur.
“Quantum Systems” şirkəti vurğulayıb ki, “Apex Recordhunter” qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün yaradılıb. Layihə üzərində iş bir ildən çox davam edib və hazırkı nəticə yalnız aralıq nəticə hesab olunur.