Şuşa.Trend:
Çərkəzlərin yalnız təxminən 10 faizi öz tarixi vətənində yaşayır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun direktoru, professor Merab Çuxua Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixdən dərslər, müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda deyib.
"Dünyada çərkəzlərin sayı təxminən 6,2 milyon nəfərdir. Lakin onların yalnız təxminən 10 faizi bu gün öz tarixi vətənində yaşayır",- deyə o bildirib.
Professor qeyd edib ki, bu gün yox olmaq təhlükəsi ilə üzləşən çərkəzlər vaxtilə zorla qovulduqları tarixi vətənlərinə qayıtmaq istəyirlər.
O vurğulayıb ki, müasir Rusiyanın bir sıra əraziləri, o cümlədən Soçi şəhəri çərkəzlərin tarixi torpaqlarıdır.
"Müasir Rusiya toponimikasında saxtalaşdırma halları mövcuddur. Rusiya hakimiyyətinin çərkəz adları verdiyi bəzi yaşayış məntəqələrinin tarixən çərkəzlərlə heç bir əlaqəsi olmayıb – onlar nə vaxtsa orada yaşayıblar, nə də indi yaşayırlar. Bu, çərkəz xalqının tarixi yaddaşını silmək cəhdidir", – deyə Merab Çuxua əlavə edib.
Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.