Bakı.Trend:
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
"Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə FHN-dən əlavə edilib.
Qeyd edək ki, ötən həftə Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə batan 4 nəfər (kişi cinsli) batıb.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək, çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin, qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha xatırladır.