Bakı. Trend:
Avropa İttifaqının ali rəhbərliyinin qısa müddət ərzində Azərbaycana ardıcıl səfərləri təkcə diplomatik protokol hadisəsi deyil, həm də Brüsselin Cənubi Qafqaz siyasətində formalaşan yeni geosiyasi reallığın göstəricisidir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın səfərindən sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya gəlməsi Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu mərhələnin əsas xüsusiyyəti isə əlaqələrin artıq strateji tərəfdaşlıq müstəvisində qiymətləndirilməsidir.
Bu fikirləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Ursula fon der Lyayenin Azərbaycanı açıq şəkildə strateji tərəfdaş adlandırması, ölkəmizi regionun aparıcı aktoru və sülh gündəliyinin əsas təşəbbüskarı kimi dəyərləndirməsi təsadüfi yanaşma deyil.
“Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl xarici siyasətin, regional təhlükəsizliyin təmin edilməsində oynadığı rolun və Prezident İlham Əliyevin formalaşdırdığı praqmatik diplomatik kursun beynəlxalq səviyyədə qəbul olunmasının ifadəsidir. Artıq Avropa İttifaqı Azərbaycanı yalnız enerji təchizatçısı kimi deyil, mürəkkəb geosiyasi məkanda sabitliyi təmin edən, əlverişli coğrafi mövqeyini müasir infrastruktur imkanları ilə birləşdirərək regional bağlantıları gücləndirən etibarlı tərəfdaş kimi qiymətləndirir”, - deyə o bildirib.
S.Kərimli qeyd edib ki, enerji əməkdaşlığı bu münasibətlərin strateji mahiyyətini daha aydın göstərir.
“2022-ci ildə Avropa enerji təhlükəsizliyi baxımından ciddi sınaqla üzləşdiyi zaman məhz Azərbaycana üz tutdu və Bakı həmin dövrdən etibarən Avropa İttifaqına qaz ixracını 65 faiz artıraraq tərəfdaşlıq öhdəliklərinə sadiqliyini praktik addımlarla nümayiş etdirdi. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin iqtisadi çəkisini və regionun əsas iqtisadi mərkəzi statusunu bir daha təsdiqləyir”, - deyə o vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, tərəfdaşlığın gündəliyi artıq ənənəvi enerji çərçivəsini də aşır.
“Yaşıl enerji sahəsində əməkdaşlıq, Xəzər hövzəsi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Avropa bazarına çıxarılmasını nəzərdə tutan yeni dəhlizlər, eləcə də Ursula fon der Lyayenin irəli sürdüyü enerji konnektivliyi üzrə tərəfdaşlıq platforması təşəbbüsü gələcəyin iqtisadi və geosiyasi əməkdaşlıq modelini formalaşdırır. Bu yanaşma Azərbaycanın uzunmüddətli strateji baxışının Avropa İttifaqının prioritetləri ilə üst-üstə düşdüyünü göstərir”, - deyə o bildirib.
S.Kərimli bildirib ki, diqqətçəkən digər məqam Brüsselin Azərbaycan-Ermənistan normallaşma prosesinə yanaşmasında müşahidə olunan dəyişiklikdir.
“Sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketi və iki icma arasında sülhün iqtisadi dividendlərinin təşviqinə yönəlmiş təşəbbüslər onu göstərir ki, Avropa İttifaqı regionda davamlı sabitliyin məhz Azərbaycanın irəli sürdüyü sülh gündəliyi əsasında mümkün olduğunu anlayır”, - deyə o qeyd edib.
Siyasi şərhçi hesab edir ki, Azərbaycanın eyni vaxtda ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli tərəfdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan münasibətlər qurması ölkənin balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursunun uğurunu nümayiş etdirir.
“Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin obyekti deyil, müxtəlif güc mərkəzlərini qarşılıqlı maraqlar əsasında birləşdirə bilən mühüm strateji tərəfdaş kimi çıxış edir. Məhz bu reallıq Azərbaycan-Aİ münasibətlərini yeni inkişaf mərhələsinə daşıyan əsas siyasi amildir”, - deyə S.Kərimli fikirlərini yekunlaşdırıb.