Bakı. Trend:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimi keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev, həmin idarənin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi, polkovnik Abdulla Abdullayev, deputatlar, Müdafiə Nazirliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Fərid Şəfiyev çıxışında bildirib ki, Azərbaycan artıq orta güc statusuna malikdir və bu, son 30 ildə həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin əsasını torpaqların işğaldan azad edilməsi, iqtisadi inkişaf, uğurlu diplomatiya və güclü ordu təşkil edir.
“Ölkənin əsas məsələsi onun müdafiəsi və təhlükəsizliyidir. İnsanlar təhlükəsiz şəraitdə yaşamasa, nə iqtisadi inkişaf, nə də sosial rifah mümkündür. Buna görə də bütün bu uğurların əsasında Azərbaycan Ordusu dayanır”, - deyə o vurğulayıb.
F.Şəfiyev qeyd edib ki, BMTM ilə Müdafiə Nazirliyi arasında 44 günlük Vətən müharibəsi və digər hərbi-siyasi mövzular üzrə birgə elmi araşdırmalar aparılır və təqdim olunan hesabat da bu əməkdaşlığın nəticəsidir.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev isə bildirib ki, Azərbaycan Ordusu uzun illərdir beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verir.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Kosovo, Əfqanıstan və İraqdakı missiyalarda, hazırda isə BMT-nin Cənubi Sudandakı missiyasında uğurla fəaliyyət göstərirlər.
“Azərbaycan Ordusunun nümayəndələri yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdiriblər. Bu iştirak təkcə ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi deyil, eyni zamanda Ordumuzun nüfuzunun artması və yeni əməkdaşlıq imkanlarının formalaşması deməkdir”, - deyə general-mayor bildirib.
O əlavə edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu və modernləşmə islahatları sülhməramlı bölmələrin döyüş hazırlığının daha da artırılmasını təmin edir.
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi, polkovnik Abdulla Abdullayev vurğulayıb ki, Azərbaycan hərbçiləri sülhməramlı missiyalar çərçivəsində strateji əhəmiyyətli obyektlərin mühafizəsi, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və humanitar fəaliyyətlərə dəstək kimi mühüm vəzifələri uğurla yerinə yetiriblər.
“Bu missiyalar göstərdi ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları yalnız yüksək peşəkarlığa malik deyil, həm də müxtəlif mədəniyyətlərin təmsil olunduğu mühitdə tərəfdaş ölkələrin şəxsi heyəti ilə vahid komanda kimi fəaliyyət göstərmək bacarığına sahibdirlər”, - deyə o bildirib.
Polkovnik qeyd edib ki, sülhməramlı missiyalar ordunun döyüş qabiliyyətinin artırılmasına da mühüm töhfə verir.
“Heç bir təlim müxtəlif ölkələrin hərbi kontingentləri ilə çiyin-çiyinə xidmət etməyin qazandırdığı real əməliyyat təcrübəsini əvəz edə bilməz”, - deyə A.Abdullayev əlavə edib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Region və Şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi, polkovnik Elnur Qocayev isə təqdimat zamanı Azərbaycan Ordusunun müxtəlif sülhməramlı missiyalarda qazandığı təcrübədən danışıb.
Onun sözlərinə görə, Azərbaycanın ilk sülhməramlı missiyası 1999-cu ildə Kosovoda başlayıb. Sonrakı illərdə Azərbaycan hərbçiləri Əfqanıstan və İraqda mühüm təhlükəsizlik tapşırıqlarını yerinə yetirib, 2019-cu ildən isə BMT-nin Cənubi Sudandakı UNMISS missiyasında hərbi müşahidəçi və qərargah zabiti qismində xidmət edirlər.
E.Qocayev bildirib ki, NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyası başa çatarkən Azərbaycan və Türkiyə sülhməramlıları birlikdə təxminən 120 min nəfərin təxliyəsində iştirak edib və Əfqanıstanı ən son tərk edən kontingentlər sırasında yer alıblar.
“NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində iki hərbi qulluqçumuz NATO-nun ən yüksək təltiflərindən biri olan "Ləyaqətli xidmət medalı" ilə təltif edilib”, - deyə polkovnik bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarda iştirakı təkcə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi deyil, həm də Ordunun peşəkarlığının artırılması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təqdim olunan hesabatın isə bu fəaliyyətin sistemli şəkildə öyrənilməsi və gələcək tədqiqatlar üçün mühüm mənbə olacağı bildirilib.
Sonda hesabat ətrafında müzakirələr aparılıb.



