Bakı. Trend:
Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panelləri, akkumulyatorlar və invertorlar verilməsi geniş yayılır.
Bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Yeni ənənə yanacağın bahalaşması və günəş enerjisi avadanlıqlarının ucuzlaşması fonunda baş verir.
Məlumata görə, günəş enerjisi avadanlıqları Nigeriyada toy hədiyyələri arasında yataq dəstləri və məişət texnikası ilə yanaşı yer almağa başlayıb.
Ölkənin elektrik şəbəkəsinin imkanları əhalinin tələbatını tam ödəmədiyindən bir çox sakin elektrik enerjisini özü istehsal etməyə məcbur qalır. Bunun üçün uzun müddət əsasən yanacaqla işləyən generatorlardan istifadə edilsə də, yanacağın bahalaşması günəş panellərinə marağı artırıb.
Günəş enerjisi avadanlıqlarının əsas təchizatçılarından biri Çindir. Çin istehsalçılarının qiymətləri aşağı salması və artıq istehsal olunan avadanlığın xarici bazarlara çıxarılması bu texnologiyaların daha əlçatan olmasına şərait yaradır.
Agentliyin məlumatına əsasən, 2025-ci ilin sonuna doğru Nigeriyada evlərdə quraşdırılmış günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin həcmi milli elektrik şəbəkəsindən verilən enerjinin həcmini ötüb. 2026-cı ildə quraşdırılan panellərin sayı isə artıq 2024 və 2025-ci illərin ümumi göstəricisini keçib.
Xatırladaq ki, Afrikanın əhalisinin sayına görə ən böyük ölkəsi olan Nigeriyada 2025-ci ildə əhalinin 237,5 milyon nəfərin yaşadığı bildirilir.