Bakı. Trend:
Banqladeşin paytaxtı Dəkkə yaxınlığındakı Savar şəhərində “Yunus Sosial Biznes Mərkəzi” və "Grameen" bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” adlı 2026-cı il 16-cı Sosial Biznes Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.
"Grameen" bankının 50 illiyi və Nobel Sülh Mükafatı laureatı, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunus və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil edilən konfransda dünyanın ən muxtəlif ölkələrindən çoxsaylı qonaqlar iştirak edib. Hər il keçirilən Sosial Biznes Günü professor Məhəmməd Yunusun təşəbbüsü ilə formalaşmış qlobal platformalardan biridir və müxtəlif ölkələrdən ictimai xadimləri, sosial biznes nümayəndələrini, akademikləri, innovatorları, gəncləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.
Sözügedən beynəlxalq konfransında iştirak edən BAMF prezidenti Umud Mirzəyev “Qlobal çağırışların həllində yeni texnologiyaların rolu” adlı panel müzakirəsində əsas çıxışçılar arasında yer almışdır. O, öz çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə də məlumat verib.
BAMF prezidenti Umud Mirzəyevin səfər çərçivəsində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşü baş tutub. Özəl görüş və təşkil edilən birgə nahar zamanı BAMF və “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, sosial biznes yanaşmasının münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına töhfəsi, eləcə də gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı tərəflər BAMF və “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, UNEC-də fəaliyyət göstərən “Yunus Sosial Biznes” mərkəzinin fəaliyyətinin inkişafı, sosial biznes, icma inkişafı, gənclərin iştirakçılığı və humanitar sahədə əməkdaşlıq imkanlarının araşdırılması barədə razılığa gəliblər. Görüşdə BAMF-ın Himayəçilik Şurasının üzvü Aysəba Umutlu da iştirak edib.









