Bakı. Trend:
Əldə olunan anlaşmalara əsasən Hörmüz boğazının idarə olunması İranın öhdəliyindədir.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İraqda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında deyib.
Əraqçi bildirib ki, mövcud maneələrin aradan qaldırılmasından sonra Hörmüz boğazının idarə olunması və dəniz keçidi üçün tam şəkildə açılması İranın öhdəliyindədir. Hazırda da bununla əlaqədar tədbirlər görülməkdədir.
“Bu mexanizmin icrası sırf İranın üzərinədir və heç bir ölkə və ya başqa qurumun bu haqda məsuliyyəti yoxdur”, - deyə o bildirib.
Əraqçi bildirib ki, mövcud anlaşmalara zidd tədbirlərin görülməsinə səy göstərmək və yaxud hər hansı müdaxilə sadəcə vəziyyətin daha da mürəkkəbləşməsi, Hörmüz boğazında vəziyyətin normala dönməsinin gecikməsi və regionda gərginliyin artması ilə nəticələnəcək.
“Bütün tərəflərdən əldə olunan anlaşmalara hörmətlə yanaşmağı Hörmüz boğazının idarə olunması prosesində istənilən müdaxilədən çəkinməyi və anlaşmaların öz istiqamətində icra olunmasına şərait yaratmalarını istəyirəm”, - deyə o bildirib.
İranlı nazir deyib ki, İran İraq xarici işlər naziri Fuad Hüseynin Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrlə İran və İraq arasında danışıqlara başlanması ilə əlaqədar təklifini müsbət qarşılayır və bu təşəbbüsün irəliləməsi məqsədilə İraq hökuməti ilə tam əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, ötən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz bğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlayıb.
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) da ABŞ ordusunun hücumlarına cavab olaraq Birləşmiş Ştatları ordusunun bölgədəki yerləşmə məntəqələrinə zərbələr endirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.