Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Azərbaycanda islam maliyyəsinin inkişafını dəstəkləməyə tam sadiqdir.
Bunu İslam İnkişaf Bankının islam maliyyəsi üzrə mütəxəssisi Yəhya Rəhman Almatıda keçirilən Avrasiya İnkişaf Bankının (AİB) İllik Toplantısı və biznes-forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
“Hələ ötən həftə Bakıda illik toplantımızı keçirdik. Görürük ki, Azərbaycan islam maliyyəsinin inkişafına böyük maraq göstərir. Biz Azərbaycan Mərkəzi Bankı ilə hüquqi və normativ bazanın yaradılması istiqamətində əməkdaşlıq edirik. Bundan əlavə, bu yaxınlarda sukuk emissiyası ilə bağlı kapital bazarı sahəsində yeni texniki yardım layihəsinə başlamışıq”, - deyə Rəhman bildirib.
O qeyd edib ki, Azərbaycan islam maliyyəsinin inkişafı üçün zəruri əsasların və əlverişli ekosistemin formalaşdırılması istiqamətində fəal iş aparır.
“Hesab edirəm ki, perspektivlər çox yaxşıdır. Çünki Azərbaycan möhkəm iqtisadi göstəricilərə malik inkişaf edən iqtisadiyyatdır. Azərbaycanda islam maliyyəsinin potensialı kifayət qədər böyükdür və İslam İnkişaf Bankı bu prosesi dəstəkləməyə tam sadiqdir”, - deyə bankın nümayəndəsi vurğulayıb.