Bakı. Trend:
Dayanıqlı və yaşıl turizm çərçivəsində həm Azərbaycanın, həm də İranın çox yaxşı təcrübələri vardır və yaşıl turizm strategiyalarının inkişafı istiqamətində hər iki ölkə böyük təcrübələrini bir-biri ilə paylaşa bilərlər.
Bunu Trend-ə müsahibəsində İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Nazirliyinin Milli Ekoturizm və Yaşıl Turizm Komitəsinin katibi Məhəmməd Cahanşahi deyib.
O bildirib ki, həm kənd turizminin inkişafı, həm də yerli turizmin inkişafı, kiçik iqamətgahlardan tutmuş böyük otellərə qədər turizm infrastrukturlarında bir-birlərinə köməklik göstərə bilərlər.
“İlk öncə İran və Azərbaycan arasında bir çox ortaqlıqları, həm də təbiət ortaqlıqlarını qeyd etmək yerinə düşər. Təbiətlə yanaşı mədəniyyət, davranışlar, tarixi ortaqlıqlar mövcuddur. Bu səbəbdən burada hər hansı qəribəlik hiss etmirəm. Azərbaycan vətəndaşlarının səmimi davranışının bənzərini hər gün İranda da hiss edirik. Bu baxımdan hər iki ölkə vətəndaşları bir-birlərini yaxşı şəkildə dərk edirlər”, - deyə o bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, iki ölkə arasında turizm sektorunun inkişaf etdirilməsinə gəldikdə, bu istiqamətdə strateji dəyişikliklərin həyata keçirilməsinə ehtiyac var. Dəyərli dəhliz olaraq Xəzər dənizi, birgə təbii irs olaraq Hirkan meşələri, Asiyadan, xüsusilə Hindistandan müxtəlif növ ədviyyatın daşınması üzrə iki ölkənin ərazisindən istifadə olunması, İran və Azərbaycanda mövcud olan karvansaralar yolu və dəhlizlər üzərində işlənərsə, çox effektiv ola bilər.
“İki ölkə arasında dəmiryol əlaqələrinin möhkəmlənməsi, hava yolları ilə səfərlərin artırılması, təbii olaraq iki ölkənin turistləri üçün sadələşdirmələrin nəzərdə tutulması turizm əlaqələrinin inkişaf etməsinə öz töhfəsini verə bilər. Mövcud infrastrukturlar iki ölkə arasında ekoturizmin də inkişafına şərait yarada bilər”, -deyə o qeyd edib.
Cahanşahi deyib ki, yaşıl və dayanıqlı turizm baxımından Azərbaycan son illər ərzində böyük təcrübələr və nailiyyətlər əldə edib. 2 il öncə “COP-29”un Bakıda təşkili, bu il də “WUF”un Bakıda keçirilməsi ilə Azərbaycanın bu sahədə böyük təcrübələr əldə etdiyini göstərir. Məhz “COP-29”la yanaşı yaşıl turizm proqramına start verilib. Bu isə Azərbaycanın yaşıl turizm sektoruna ciddi şəkildə yanaşdığını və əhəmiyyət verdiyini göstərir.
Nazirlik rəsmisi bildirib ki, hazırda yaşıl turizm könüllü bir seçim deyil, atılmalı olan zəruri addımdır. Çünki iqlim dəyişikliklərinin bütün dünya ölkələri üçün mənfi təsirləri vardır. Turizm sektoru ciddi şəkildə diqqət yetirilməzsə, düzgün şəkildə irəliləmzsə, bütün dünyaya mənfi təsir göstərən sahələrdən biridir. Turizm sektoru dünyada istixana qazlarının yayılmasında 8-10% rola sahibdir. İstixana qazları da iqlim dəyişikliklərində 90% rola sahibdir. Yaşıl və dayanıqlı turizmin inkişafı isə həm turistlərin artmasına, həm də təbiətin qorunmasına öz töhfəsini verir.
“Fikrimcə, regionda Azərbaycan yaşıl və dayanıqlı turizmin inkişafı istiqamətində çoxlu səylər göstərən əsas ölkələrdən biridir. Mən Bakıda yaşıl nişana sahib otellərin mövcud olduğunu müşahidə edirəm. Bu da otellərin su və enerji istehlakının optimallaşdırılması və sairə imkanlara sahib olduğunu göstərir. Hazırkı durumda sadalanan göstəricilər turizmin keyfiyyətini yüksəldir.
Şəhər səviyyəsində elektrik nəqliyyat vasitələrindən istifadə yaşıl turizmin inkişafında diqqət çəkən məqamlardan biridir. Biz Azərbaycanda bu işlərin əsaslı və prinsipial şəkildə həyata keçirilməsini aydın şəkildə görürük. Bakının yaşıllığını, mənzərəsini gördükdə, böyük və ciddi işlərin həyata keçirildiyi aydındır. Hazırda Bakı şəhəri şəhər idarəçiliyi baxımından təlim xarakteri daşıyır. Bakıda şəhər idarəçiliyi və turizm sahəsində böyük təcrübələrin olduğu bəllidir”, - deyə o qeyd edib.
Cahanşahi əlavə edib ki, İranın da yaşıl və dayanıqlı turizm sahəsindəki təcrübələrini də nəzərə aldıqda, iki ölkə turizm sektorunda dayanıqlı inkişafa nail olmaq üçün təcrübələrini bölüşə bilərlər. Bu isə iki ölkənin turizm sektorunda həm iqtisadi baxımdan, həm də dəyərlər baxımından mənafeyini təmin edə bilər.
Onun sözlərinə görə, ədəbiyyat simalarından da misal göstərilərsə, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Hüseyn Şəhriyar kimi dahilər iki ölkə arasında birgə böyük potensialların olduğunu göstərir.
“Yaşıl turizm 2023-cü ildən sonra dünya səviyyəsində ciddi şəkildə izlənilməkdədir. İranda da elə həmin vaxtdan Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Nazirliyində yaşıl turizm milli katibliyi fəaliyyət göstərir. Bu katiblik Ətraf Mühitin Mühafizəsi Təşkilatı, Təbii Ehtiyatlar Təşkilatı və Geologiya Təşkilatı ilə birlikdə işləyir.
Katiblik dayanıqlı turizm sahəsində bir sıra layihələr üzərində işləməkdədir. İranın 5 kəndinin adı dünyanın ən yaxşı kənd turizmi siyahısında qeyd olunub. Turizm kəndləri seçilməsi üçün müxtəlif göstəricilər çox yüksək səviyyədə olmalıdır. Bu göstəricilərin hamısı demək olar ki, yaşıl turizm çərçivəsindədir”, -deyə o bildirib.
Onun sözlərinə görə, hazırda İranda 3 ideya üzərində işlərə başlanıb. Bu işlər otellərə yaşıl nişanın verilməsi, otellərin günəş elektrik stansiyaları ilə təchiz olunması və otellərə enerji istehlakı üzrə standartların tətbiq olunmasından ibarətdir. Ötən ildə İranda 12 otelə yaşıl nişan verilib. Bu il də başqa otellərə yaşıl nişanın verilməsi nəzərdə tutulur.
Cahanşahi qeyd edib ki, İranda turizm sahəsində günəş elektrik stansiyalarından istifadə istiqamətində ilkin addımlar atılıb. Gələn 4-5 il ərzində turizm sahəsində günəş elektrik stansiyalarından maksimum şəkildə istifadənin olunacağı gözlənilir.
Nazirlik rəsmisi əlavə edib ki, İranda ilin təxminən 300 günü günəşli günlərdir. İranın şimal vilayətlərini əsasən Gilan və Mazandaranı çıxmaq şərti ilə qalan ərazilərində günəşli günlərin sayı çoxluq təşkil edir. İranın turizm obyektlərinin təxminən 90%-i günəşli günləri çox olan ərazilərdə yerləşir.
“İranda otellərdə enerji istehlakı ilə əlaqədar standartlar hazırlanmaqdadır. Bu standartların 90%-i üzrə işlər yekunlaşıb. Bu standartlar tam şəkildə tətbiq olunduqdan sonra, uyğun şəkildə istehlakı az olan otellər daha çox endirimlər ala biləcəklər. İstehlakı yuxarı və yaxud orta olan otellər də istehlakını azaltmaq üçün məlumatlandırılacaqlar.
Katibliklə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı arasında milli parklarda, Təbii Ehtiyatlar Təşkilatı ilə meşə parklarında və Geologiya Təşkilatı ilə geo-turizmin inkişaf etdirilməsi layihələri çərçivəsində işlərə başlanıb.
Hazırda İranın Mədən İrs, Turizm və Əl İşləri Sənayesi Nazirliyi tərəfindən otellərə lisenziyanın verilməsində yaşıl turizm məsələsinə ciddi yanaşılır. Bu isə həm də investorların öz xeyrinədir. İnvestorlar prioritetlərə diqqət yetirdikdə gələcəkdə xərcləri 30-40% azalacaqdır. Nəticədə investorların investisiyanın geri qayıtması prosesi də sürətlənəcək, həm ətraf mühitə köməklik göstərmiş olacaq, həm də iqtisadi faydaları olacaq”, - deyə o bildirib.