Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “İqlim investisiyalarındakı boşluğun aradan qaldırılması: özəl sektorun həlledici rolu” mövzusunda dəyirmi masa təşkil edib. Tədbir “London İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində, COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionları və “Zero Waste” Forumu ilə tərəfdaşlıq formatında baş tutub.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dəyirmi masa maliyyə, sənaye və hökumət nümayəndələrini bir araya gətirərək enerji keçidinə özəl sektor investisiyalarının sürətləndirilməsi və qlobal iqlim investisiya boşluğunun aradan qaldırılması yollarının müzakirəsinə həsr olunub. Tədbirin əsas məqsədi COP31 ərəfəsində özəl sektor investisiyalarının daha geniş miqyasda səfərbər edilməsi istiqamətində konkret ideya və tövsiyələrin formalaşdırılması olub.
Dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev, COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionu Samed Ağırbaş, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, “Fortescue Capital”-ın baş icraçı direktoru Robert Tiçio, “Full Vision Capital”-ın idarəedici direktoru Keyti Leung, “Electric Hydrogen” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Raffi Qarabedian, “Mission Possible Partnership”-in baş icraçı direktoru və “Industrial Transition Accelerator”-un icraçı direktoru Faustin Delasalle, ASOS-un sabiq baş icraçı direktoru Nik Beyton, “Bank of Türkiye”-nin investisiya bankçılığı, layihə qiymətləndirilməsi və dayanıqlılıq üzrə icraçı vitse-prezidenti Seçil Yıldız, Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, sabiq Baş nazir və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Zlatko Lagumciya, Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq Baş katibi və Mərkəzin üzvü Patrisia Skotland, eləcə də “Energy Transitions Commission”-un həmsədri Lord Adair Turner iştirak ediblər.
Tədbirin moderatoru “Fortescue” şirkətinin İdarə Heyətinin üzvü, “ExxonMobil”-in sabiq vitse-prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder olub.
Qeyd edək ki, dəyirmi masa COP31 ərəfəsində özəl sektorun iqlim maliyyəsində rolunun gücləndirilməsi, təmiz enerji keçidinin sürətləndirilməsi və iqlim investisiyalarının daha geniş miqyasda səfərbər olunması baxımından mühüm platforma rolunu oynayıb.







