Hamburq. Trend:
Airbus şirkəti Azərbaycan Hava Yolları (AZAL) ilə uzunmüddətli tərəfdaşlığı ilə fəxr edir və aviaşirkətin inkişafına dəstək verməyə davam etmək niyyətindədir.
Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satış üzrə vitse-prezidenti Şarbel Yüzkatlı Trend-ə AZAL-ın AerCap ilə lizinq müqaviləsi çərçivəsində təhvil verilən ilk Airbus A321neo təyyarəsinin təhvil-təslim mərasiminin kənarında bildirib.
Onun sözlərinə görə, Airbus və AZAL 20 ildən çoxdur ki, əməkdaşlıq edirlər.
"Biz AZAL ilə qurduğumuz münasibətlərdən çox qürur duyuruq. Bu tərəfdaşlıq iyirmi ildən çoxdur ki, davam edir və biz aviaşirkətin etibarlı tərəfdaşı olaraq qalmağa, onun inkişafını və strateji vizyonunun həyata keçirilməsini dəstəkləməyə çalışırıq", - Yüzkatlı deyib.
O qeyd edib ki, AZAL-ın öz donanmasını modernləşdirmək, marşrut şəbəkəsini genişləndirmək və Bakının regional aviasiya mərkəzi kimi rolunu gücləndirmək üçün iddialı planları var.
“AZAL-ın gələcək üçün çox cəlbedici bir vizyonu var, o, donanmanın yenilənməsinə, marşrut şəbəkəsinin inkişafına və xüsusən də Bakını mühüm regional nəqliyyat mərkəzinə çevirməyə yönəlib. Həm Azərbaycan, həm də AZAL bu məqsədə çatmaq üçün lazım olan hər şeyə malikdir”, - deyə Airbus nümayəndəsi vurğulayıb.
Yüzkatlı əlavə edib ki, Airbus ən son texnologiya və müasir təyyarələr təklif etməklə aviaşirkəti dəstəkləməyə davam etmək niyyətindədir.
“Biz bu tərəfdaşlığı AZAL-a ən qabaqcıl məhsul və texnologiyalar təqdim etməklə davam etdirmək istərdik, bunu bu gün təhvil verdiyimiz A321neo təyyarəsi də sübut edir. Bundan əlavə, biz aviaşirkətlə birlikdə marşrut şəbəkəsini daha da inkişaf etdirmək və genişləndirmək üçün çalışırıq”, - deyə o qeyd edib.
Airbus vitse-prezidentinin sözlərinə görə, Airbus və AZAL rəhbərliyi arasında davamlı dialoq mövcuddur:
“Biz AZAL rəhbərliyi ilə gündəlik olaraq qarşılıqlı əlaqədəyik və bu əməkdaşlığı uzun illər davam etdirməyi gözləyirik”.