Hamburq. Trend:
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi həm daşıyıcı, həm də region aviasiya sənayesi üçün mühüm tarixi mərhələ hesab olunur.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu fikirləri Hamburqda AZAL-a ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimində Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satışlar üzrə vitse-prezidenti Şarbel Yuzkatli səsləndirib.
O bildirib ki, bu hadisə yalnız aviaşirkət üçün deyil, həm də AZAL-ın 34 illik davamlı inkişaf və mükəmməllik yolunun göstəricisidir.
Yuzkatlinin sözlərinə görə, AZAL illər ərzində sərnişin xidmətləri və əməliyyat fəaliyyətində ciddi irəliləyişlər əldə edib, xidmət keyfiyyətini davamlı şəkildə yüksəldib.
O vurğulayıb ki, yeni təyyarə aviaşirkətin imkanlarını genişləndirəcək və beynəlxalq bazarda mövqelərinin daha da güclənməsinə şərait yaradacaq.
“Böyük tutum, sərnişinlər üçün yüksək komfort və genişlənən marşrut şəbəkəsi A321neo-nu AZAL üçün strateji üstünlüklərə malik təyyarəyə çevirir. Bu həm də əməliyyat səmərəliliyini və gəlirliliyi artırır,” – deyə o qeyd edib.
Airbus nümayəndəsi həmçinin şirkətin AZAL-a dəstəyinin davam edəcəyini bildirib və Azərbaycanı dünya ilə birləşdirən aviasiya əlaqələrinin daha da inkişaf edəcəyini vurğulayıb.