Bakı. Trend:
"Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə artıb".
Trend-in müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Sığorta Forumu çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib.
Onun sözlərinə görə, bazarın inkişafı dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar, eləcə də bazar iştirakçılarının birgə səyləri sayəsində mümkün olub.
“Əldə olunan nəticələrə baxmayaraq, bazarın daha da böyüməsi üçün böyük potensial mövcuddur.
Azərbaycanda sığortanın əhatə səviyyəsinin artırılması üçün geniş imkanlar var və məqsəd bu potensialın tam reallaşdırılmasıdır”, - deyə o bildirib.
Ü.Cabbarova vurğulayıb ki, əsas vəzifə yalnız bazar göstəricilərinin artması deyil.
“Bizim əsas məqsədimiz sığortanın insanların həyatında daha mühüm yer tutması və cəmiyyətin, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafına daha böyük töhfə verməsidir. Dəyişən dünyada risklər artır, istehlakçı gözləntiləri dəyişir və sığortanın rolu daha da əhəmiyyətli olur.
Qlobal sığorta sənayesində əsas diqqət dəyişən risklərə və onların idarə olunması üçün yeni həllərin tapılmasına yönəlib.
Bu çağırışlar bizdən daha çevik olmağı, innovativ məhsullar yaratmağı və müştərilərin dəyişən tələbatlarına daha operativ cavab verməyi tələb edir”, - deyə o qeyd edib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri bildirib ki, 2027–2030-cu illər üçün maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində sığorta sektorunun inkişafının əsas prioritetləri müəyyənləşdirilib.
Onun sözlərinə görə, bunlara sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığorta növlərinin inkişafı və maliyyə xidmətlərindən istifadə imkanlarının daha da genişləndirilməsi daxildir.
“Hesab edirəm ki, bu sənəd təkcə dövlət proqramı deyil, həm də sığorta bazarının gələcək inkişafı üçün mühüm yol xəritəsidir. Qarşıya qoyulan hədəflərə nail olunması təkcə dövlət qurumlarının deyil, bazarın bütün iştirakçılarının ümumi məsuliyyətidir.
Azərbaycan Beynəlxalq Sığorta Forumu da məhz bu məqsədlərə xidmət edir, beynəlxalq təcrübənin öyrənilməsi, yeni yanaşmalarla tanışlıq və peşəkar fikir mübadiləsi üçün imkanlar yaradır.
Forum çərçivəsində aparılan müzakirələr və təcrübə mübadiləsi Azərbaycanın sığorta sektorunun gələcək inkişafına töhfə verəcək”, - deyə o əlavə edib.