Bakı. Trend:
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır və bu platforma növbəti tədris ilindən etibarən "Rəqəmsal Məktəb" platformasına inteqrasiya ediləcək.
Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu platforma şagirdlərin öyrənmə prosesini təhlil edərək onların bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş tədris materialları, təhsil proqramları və istiqamətləndirici resurslar təqdim edəcək:
"Layihə regionda ilk dəfə olaraq Azərbaycanda tətbiq olunacaq və Azərbaycan dilində həm şagirdlərin, həm də müəllimlərin istifadəsinə veriləcək. Platformanın əsas məqsədi süni intellekt alətlərinin köməyi ilə təhsildə fərdi yanaşmanı təmin etməkdir. Azərbaycandan əlavə, Sinqapur, Estoniya və İtaliyanın bəzi məktəbləri də bu təşəbbüsə qoşulub.
Məhsul sentyabr ayından etibarən pilot layihə kimi Rəqəmsal Məktəb platformasına inteqrasiya ediləcək və ilkin mərhələdə Bakı məktəblərində tətbiq olunacaq. Əldə olunan nəticələr təhlil edildikdən sonra layihənin əhatə dairəsi daha da genişləndiriləcək. Bu razılaşmanın əldə olunması onu göstərir ki, Azərbaycan təhsil sistemi süni intellekt texnologiyalarının tətbiqinə açıq yanaşır. Təşəbbüs OpenAI-nin təhsil sahəsinə yönəlmiş həlləri çərçivəsində həyata keçirilir. Layihə yeni olduğundan bütün ölkələrdə ilkin olaraq pilot formatda tətbiq edilir. İlk mərhələdə 3-5 min şagirdin layihəyə cəlb olunması nəzərdə tutulur. Sonrakı mərhələlərdə isə platformanın daha çox məktəb və şagirdi əhatə etməsi planlaşdırılır", - o qeyd edib.