Bakı. Trend:
Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı müəyyənləşib.
Trend-in əldə etdiyi məlumata görə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin adlı siyahısı cari ilin noyabr ayının 15-dək dürüstləşdirilməklə hər növbəti il üçün yenidən müəyyən ediləcək.
Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı aşağıdakı kimi təsdiqlənib:
Su obyektlərindən (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular) su götürüb tullantı sularını su obyektlərinə axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; Su obyektlərindən (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular) su götürüb tullantı sularını kanalizasiya sisteminə və relyefə axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; Su təchizatı sistemləri vasitəsilə suyu götürüb tullantı sularını su obyektlərinə (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular) axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.Məlumat üçün bildirək ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun imzaladığı müvafiq qərar mayın 1-də qəbul edilib, mayın 25-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, mayın 26-də qüvvəyə minib.