Bakı.Trend:
İyunun 3-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Bildirilib ki, Hindistan hökumətinin repressiv və sistemli ayrıseçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri ilk dəfə olaraq Azərbaycanda keçirilən tədbirə qatılacaqlar. Konfransda həmçinin Zikh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-də fəaliyyət göstərən nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində çalışan ekspertlər, eləcə də Hindistan hökumətinin repressiv siyasətinin qurbanı olduqlarını bildirən şəxslər iştirak edəcəklər.
Bildirilib ki, tədbirdə Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Zikh və Dalit diasporalarının nümayəndələri və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi iddia olunan transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri müzakirə ediləcək. Bununla yanaşı, repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı hüquqi müdafiə mexanizmlərinin inkişafı və beynəlxalq platformalarda birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Konfrans çərçivəsində 1984-cü ilin iyun ayında Amritsar hadisələri zamanı Zikh icmasına və onların dini-mədəni dəyərlərinə qarşı həyata keçirilmiş hücumlar, zorakılıq aktları və insan itkiləri ilə bağlı məsələlər, həmçinin bu hadisələrə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi və Hindistanın etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinin icrası mövzuları da müzakirə olunacaq.
Qeyd olunub ki, 1984-cü ilin iyun ayının əvvəlində Hindistan hökuməti tərəfindən Zikh icmasının müqəddəs dini məkanlarından biri hesab edilən Amritsardakı Harmandir Sahib (Qızıl Məbəd) kompleksinə qarşı silahlı əməliyyat həyata keçirilib. Bakı Təşəbbüs Qrupunun məlumatına əsasən, beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları, müstəqil mənbələr və şahid ifadələrinə istinadla həmin hadisələr nəticəsində Amritsar və ətraf ərazilərdə 8 minədək mülki şəxsin həlak olduğu qeyd edilir.
Məlumatda o da vurğulanıb ki, cari ilin mart ayında Bakı Təşəbbüs Qrupu və Zikh Federation International tərəfindən birgə hazırlanmış “Sərhədləri aşaraq: Zikh diasporasına qarşı Hindistanın transmilli repressiyası” adlı hesabatda Hindistan hökumətinin ölkə xaricində yaşayan diaspora nümayəndələrinə qarşı siyasəti və 1984-cü il Amritsar hadisələri ilə bağlı faktlar əks olunub.