Bakı. Trend:
Bu gün Həcc ziyarətində Minanın (Mina – Məkkədən təxminən 5–7 km uzaqlıqda olan vadidir. Həcc günlərində zəvvarlar burada çadırlarda qalır və ibadətlərini yerinə yetirirlər) axırıncı günüdür.
Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, bir az sonra zəvvarlar Minadan çıxarılıb, otellərə göndəriləcək.
Vüsal Cahangiri bildirib ki, hazırda Məkkədə şiddətli istilər müşahidə olunmur:
"Hava istidir, amma Məkkə üçün xarakterik istidir. Şiddətli istilər müşahidə olunmur. Çadırlar daxilində bütün sərinləşdirici vasitələr var".
Vüsal Cahangiri, həmçinin zəvvarların səhhətində yaranmış problemlərdən də danışıb. O qeyd edib ki, hazırda elə ciddi bir problemlə üzləşən yoxdur:
"Bəzi zəvvarların ayağı qabar bağlayıb, suluq olub, şişib, yüngül günvurma, halsızlıq halları olanlar var, ümumilikdə ciddi bir problem müşahidə olunmur. Çətinliklər artıq geridə qalıb, bundan sonra zəvvarlar otelə yerləşəcək. Ziyarət yavaş-yavaş yekunlaşır.
Bəzi qrupların Həcc Tavafı və Həcc Səyi qalıb. Bəziləri artıq bunu yerinə yetirib, bəziləri isə otelə qayıdandan sonra edəcək. Bununla da Həcc ziyarəti yekunlaşacaq".
Qeyd edək ki, Həcc ibadətində iki əsas mərasim var: Tavaf və Səy. Hər ikisi Məkkədə icra olunur və Həccin vacib hissələrindəndir. Tavaf Kəbənin ətrafında 7 dəfə dövr etmək, Səy isə Səfa və Mərvə təpələri arasında 7 dəfə gedib-gəlməkdir.