Bakı. Trend:
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsi, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmalar digər ölkələr üçün də nümunəvi xarakter daşıyır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın son illərdə qlobal diplomatik və humanitar platformaların mərkəzinə çevrilməsi artıq beynəlxalq birlik tərəfindən qəbul edilən bir reallıqdır:
“Ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, irimiqyaslı enerji layihələrinin idarə edilməsindəki qətiyyəti və ən nəhayət, COP29 kimi dünya miqyaslı nəhəng bir tədbirə ev sahibliyi etməsi zəngin bir təşkilatçılıq məktəbi formalaşdırıb. Bu təcrübə Azərbaycanı sadəcə tədbir məkanı deyil, həm də qlobal çağırışlara qarşı yeni standartlar və həll yolları təklif edən strateji tərəfdaş statusuna yüksəldib. Məhz bu kontekstdə Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxla görüşü Azərbaycanın “ev sahibi” statusundan “təcrübə ixracatçısı” statusuna keçidini bir daha nümayiş etdirdi”.
Deputatın sözlərinə görə, görüşdə Prezident İlham Əliyev Azərbaycanın şəhərsalma sahəsindəki innovativ yanaşmalarının dünya üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsi, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmalar, işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması digər ölkələr üçün də nümunəvi xarakter daşıyır və ölkəmiz bu təcrübəni bölüşməyə hazırdır:
“Prezident İlham Əliyevin bu fikirləri əslində Azərbaycanın yeni inkişaf modelinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının qlobal səviyyədə təqdimatı kimi dəyərləndirilməlidir. Xüsusilə işğaldan azad edilmiş torpaqlarda sıfırdan qurulan müasir infrastruktur, ekoloji təmiz texnologiyaların tətbiqi Bakıda keçirilən WUF13 forumunun əsas fəlsəfəsini təşkil edir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırlatdı, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi nəticəyönümlülük prinsipi özünü görüşdən dərhal sonra imzalanan Niyyət Məktubunda göstərdi. Bu sənəd gələcək beynəlxalq tədbirlər üçün rəsmi bir metodologiyadır. Belə ki, gələcəkdə dünyanın müxtəlif nöqtələrində keçiriləcək şəhərsalma forumları məhz, Azərbaycanın hazırlayacağı “Bakı standartları” və əməliyyat təlimatları əsasında təşkil olunacaq”.
K.Bayramov əlavə edib ki, Azərbaycan artıq COP və WUF kimi nəhəng platformalar arasında səmərəli əlaqə yaradan bir mərkəzə çevrilib:
“Bu fakt bir daha sübut edir ki, Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi etməsi təkcə qonaqpərvərlik nümayişi deyil, həm də, beynəlxalq idarəçilik sisteminə intellektual və praktiki töhfə vermək məqsədi daşıyır”.
