Bu gün dünyanın müxtəlif regionlarında davam edən müharibələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar, böyük dövlətlər arasında artan rəqabət beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara əsaslanan siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir. Azərbaycanın əldə etdiyi tarixi zəfərlər Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş geosiyasi status-kvonu tamamilə dəyişməklə, ölkəmizin regional lider kimi nüfuzunu daha da artırır. Ermənistan müxtəlif beynəlxalq platformalarda seminar və konfranslarla imitasiya xarakterli fəaliyyət göstərməyə çalışsa da, real sülh təşəbbüsləri Azərbaycan tərəfindən irəli sürülür. Bu gün regionda yaranmış yeni reallıqlar Azərbaycanın siyasi iradəsi və diplomatik təşəbbüsləri nəticəsində formalaşıb. Azərbaycan müharibədən dərhal sonra Ermənistan ilə sülh danışıqlarının başlanması, regionda sabitlik və əmin-amanlığın təmin olunması, iqtisadi kommunikasiyaların qurulması istiqamətində təşəbbüslərlə çıxış etdi, bu sahədə əməli fəaliyyət həyata keçirdi. Məhz ölkəmizin irəli sürdüyü şərtlər altında bu gün regionda sülh bərqərar olur, bölgəmiz beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilir.