Azərbaycanın müasir siyasi tarixində elə məqamlar var ki, onları faktlar dilə gətirir. Heydər Əliyevin siyasi fəaliyyətində belə məqamlardan biri Azərbaycanın beynəlxalq arenada, xüsusilə Qərb dünyasında tanınması və qəbul edilməsidir. SSRİ dağıldıqdan sonra Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan qeyri-müəyyən bir mərhələyə daxil olmuşdu. 1990-cı illərin əvvəllərində ölkə daxilindəki böhran, Qarabağ müharibəsi və hakimiyyət dəyişiklikləri fonunda Azərbaycan beynəlxalq sistemdə hələ tam tanınmayan, riskli bölgə kimi qəbul edilirdi. Məhz belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdışı həm də Azərbaycanın xarici siyasət kursunun müəyyənləşdirilməsi idi. Heydər Əliyevin əsas siyasi qərarlarından biri Azərbaycanın enerji resurslarını beynəlxalq münasibətlərin mərkəzinə çevirmək oldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin iqtisadi tərəflərindən çox danışmaq olar, lakin proses bununla bitmirdi. Heydər Əliyevin müəllifi olduğu bu müqavilə Azərbaycanı ilk dəfə olaraq ABŞ və Avropa şirkətlərinin strateji maraq dairəsinə daxil etdi.
1997-ci ildə Bill Klintonla keçirilən görüşdən sonra Vaşinqton artıq Heydər Əliyevə təkcə postsovet məkanının liderlərindən biri kimi baxmırdı. ABŞ administrasiyası anlayırdı ki, qarşılarında regionun siyasi balansını hesablaya bilən, Moskvanı, Qərbi və Yaxın Şərqi eyni anda oxumağı bacaran təcrübəli dövlət xadimi dayanıb. Bu münasibətin davamı isə bir neçə il sonra daha aydın görünəcəkdi.
2001-ci il aprelin 9-da Heydər Əliyev yenidən ABŞ-ə səfər etdi. Bu dəfə beynəlxalq gündəm daha mürəkkəb idi. Regionda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı diplomatik proseslər aktiv fazaya keçmişdi və Vaşinqton Cənubi Qafqazda daha ciddi rol oynamağa çalışırdı. ABŞ Prezidenti Corc Buş ilə keçirilən görüş də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.
Bu səfər artıq Azərbaycanın özünü tanıtmaq mərhələsindən fərqlənirdi. Heydər Əliyev Vaşinqtona bu dəfə regional proseslərin bir tərəfi deyil, həmin proseslərə təsir edə bilən siyasi lider kimi gedirdi. Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ məsələsi, regional təhlükəsizlik və enerji layihələri Ağ Evdə aparılan danışıqların əsas mövzularına çevrilmişdi.