Prezident İlham Əliyevin fevralın 11-də keçirdiyi müşavirədə səsləndirdiyi tapşırıq dövlət qurumlarında yeni idarəetmə funksiyasının formalaşacağını göstərir. Nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavin müəyyənləşdirilməsi bu sahələrin birbaşa idarəetmə səviyyəsində təmsil olunacağını da ortaya qoyur. Əsas sual isə bu vəzifələrə kimlərin gətiriləcəyidir. Bu müavinlərin sırf texniki mütəxəssis, yoxsa idarəetmə təcrübəsi olan texnologiya yönümlü menecer olması, onların real funksional yükünü müəyyən edəcək əsas amildir. Eyni zamanda, Azərbaycanda hər bir nazirlik üzrə bu profildə kadrların mövcudluğu və mümkün çatışmazlığın hansı yollarla aradan qaldırıla biləcəyi də aktual mövzulardandır.
Texno bloger Fərid Pərdəşünas isə qeyd edib ki, bu sahə kifayət qədər spesifikdir və onu hər kəs yerinə yetirə bilməz: “Artıq nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul nazir müavinlərinin olması nəzərdə tutulur. Bu vəzifə klassik anlamda şirkətlərdəki baş texniki direktor səviyyəsində texniki post deyil. Yəni sırf texniki mütəxəssislər üçün düşünülmüş bir vəzifə deyil. Mənim başa düşdüyüm odur ki, burada ingilis dilində “technical project manager” deyilən profildə kadrlar nəzərdə tutulur. Bu tip mütəxəssislər həm texnologiyanı dərindən anlayırlar, həm də idarəetmə qabiliyyətinə malik olurlar. Yəni həm texniki layihələrdən başı çıxan, həm də menecerlik bacarığı olan şəxslər”. O qeyd edib ki, belə müavinlərin süni intellekt, kibertəhlükəsizlik, hökumət buludu və ümumilikdə rəqəmsallaşma prosesləri barədə geniş bilikləri olmalıdır. Eyni zamanda qərarvermə, koordinasiya və layihə idarəetməsi bacarıqları əsas şərtdir. Açıq desək, bu, çox unikal və spesifik bir vakansiyadır. “Azərbaycanda bu profildə olan və bu vəzifəyə tam uyğun gələn insanların sayı çox azdır. Təsadüfi deyil ki, hazırda bir çox yerli şirkətlər bu tip funksiyaları icra etmək üçün Rusiyadan, Türkiyədən texniki layihə menecerləri dəvət edirlər. Onlar məhz layihələndirmə və proseslərin qurulması ilə məşğul olurlar”. “Bu istiqamət üzrə nazir müavini əsasən digər nazirliklərlə, xüsusən də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə daimi əlaqədə olmalıdır. Eyni zamanda öz nazirliyində bütün texnoloji proseslərdən xəbərdar olub, real və tətbiq oluna bilən həllər təklif etməlidir” – sonda o qeyd edib.