İkinci Qarabağ müharibəsi bizə yalnız işğaldan azad edilmiş torpaqları deyil, illərlə itkin sayılan, məzarı olmayan şəhidlərimizi də qaytardı. Artıq beş ildir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlərin nəşi İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarla yanaşı torpağa tapşırılır. 19 fevral da həmin günlərdən biridir. Ölkənin müxtəlif rayonlarında ümumilikdə 17 şəhid 30 ildən sonra dəfn ediləcək. Onlardan biri 21 yaşında şəhid olmuş Mehriban Qarayevadır. Modern.az saytı şəhidin bacısı Leyla Qarayeva ilə həmsöhbət olub. Müsahibimiz qeyd edib ki, Mehriban Qarayeva 1970-ci il martın 27-də anadan olub. Mülayim, eyni zamanda cəsarətli qız idi. Tibb bacısı ixtisası üzrə təhsil alırdı.
“İllərdir onun yolunu gözləyirdik. Onu görmədən dünyasını dəyişən yaxınlarımız çox oldu. Böyük bacım da bir həftə əvvəl vəfat etdi. O, Mehribanın tapılacağına ürəkdən inanırdı, amma bacısını son mənzilə yola sala bilmədi”. Mehriban cəbhədəki xəbərləri televiziyadan görüb, cəbhəyə gedib: “1991-ci ildə Qarabağda baş verən hadisələri görəndə təhsilini, buradakı həyatını yarımçıq qoyaraq cəbhəyə getdi. Biz çoxuşaqlı ailədə böyümüşük, 8 uşaq idik, ən kiçiyi də mənəm. Həmin gün hamımız onu saxlamağa çalışdıq. Bacılarım ağlayırdı, anam gah əsəbiləşir, gah yalvarırdı. Amma Mehriban fikrindən dönmədi. Fikrinin qəti olduğunu deyirdi. Mən səhər yuxudan oyananda artıq onun evdə olmadığını gördüm, cəbhəyə getmişdi. Arxada nə bir məktub qoymuşdu, nə də vidalaşmışdı”.
Onun şəhidlik xəbərini 1992-ci il iyunun 15-də aldıq. Cəbhəyə gedəndən bir il sonra. Nə mən inandım, nə də ailəmizin digər üzvləri. O, Sumqayıta gələndə bizi həmişə ürəkləndirirdi, deyirdi ki, cəbhədə deyil. Sonradan bildik ki, əslində döyüş bölgəsində, hərbçilərin daim yanında olurmuş ki, yaralananlara ilkin tibbi yardım göstərə bilsin. Ağdərə rayonunun Sırxavənd kəndi ətrafında şəhid olduğu deyilirdi. Qardaşlarım gedib onu nə qədər axtarsalar da, nəşini tapa bilmədilər. Mehribandan yalnız bir neçə şəxsi əşya qalmışdı, onları da muzeyə verdik. Mehriban şəhid olmazdan əvvəl mənim körpə qızım dünyaya gəlmişdi. Bizə gələndə həm ona, həm də mənə həmişə hədiyyə alırdı. Bilsəydim belə olacaq, o hədiyyələrin hamısını göz bəbəyim kimi qoruyardım. Qızımı çox sevirdi. Deyirdi ki, müharibə bitəndən sonra ona nə istəsə alacaq, qayğısına qalacaq. Amma elə oldu ki, 30 il ərzində mənim bütün övladlarım xalalarını nəinki həyatda görmədi, heç qəbrini ziyarət etmək imkanı da olmadı. Nəşi tapılmadığı üçün onun öldüyünə inanmaq istəmirdim”.