Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib. Belə ki Strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır. Bu prosesin həm Azərbaycan iqtisadiyyatına, həm də ana dilində mənbələrin əlçatanlığı və dilin qrammatik və semantik strukturu rəqəmsal dünyada daha yaxşı analiz olunmasına şərait yaradacağı gözlənilir. Məsələnin mahiyyətini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili və Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Modern.az-a bildirib.
Deputat Tahir Mirkişili bildirib ki, “Google”un rəsmi süni intellekt proqramı olan Gemininin Azərbaycan dilini dəstəkləməyə başlaması ilk baxışda texniki xəbər kimi görünə bilər, amma əslində ölkəmizdə xüsusilə yerli biznes və KOB-lar üçün çox real imkanlar açır. Çünki süni intellekt artıq dil baryeri aradan qalxanda mütəxəssislərin aləti olmaqdan çıxır və gündəlik işin bir parçasına çevrilir.
“Birinci növbədə, bu müştəri ilə ünsiyyəti xeyli rahatlaşdırır. Kiçik və orta bizneslərin böyük qismi satış və dəstək suallarına vaxtında cavab verə bilmir, operator xərci isə əlavə yük yaradır. Azərbaycan dilində işləyən Sİ alətləri sayəsində şirkətlər “WhatsApp”, sosial şəbəkə və sayt üzərindən gələn suallara daha sürətli cavab verə, tez-tez verilən sualları avtomatlaşdırıb əməkdaşların yükünü azalda bilər. Bu, həm xidmət keyfiyyətini artırır, həm də xərci optimallaşdırır”.
T. Mirkişili bunun həmçinin satış və marketinq sahələrinə də müsbət təsir edəcəyini bildirib. “KOB-ların çoxunun ayrıca böyük marketinq komandası olmur. Sİ isə Azərbaycan dilində reklam mətnləri, sosial media postları, kampaniya ideyaları, məhsul təsvirləri və təqdimatlar hazırlamaqda real kömək edir. Bu o deməkdir ki, biznes daha az resursla daha çox iş görə bilir, kampaniyalar daha tez hazırlanır və satış prosesləri sürətlənir”.
Onun sözlərinə görə, yerli bazara çıxan proqram və tətbiqlərdə süni intellektdən istifadə iqtisadi baxımdan vaxt və pul qazandırır. Şirkətlər bir çox prosesləri süni intellektlə daha səmərəli qura bilir. Nəticədə məhsul bazara daha tez çıxır, istifadəçi məmnuniyyəti artır, şirkətin inkişaf sürəti yüksəlir.
“Bu imkanlar yalnız daxili bazarla məhdudlaşmır. Biznes Azərbaycan dilində kontent hazırlayıb onu daha asan şəkildə digər dillərə uyğunlaşdıraraq xarici bazara çıxışını da genişləndirə bilər. Xüsusən İT xidmətləri, e-commerce, turizm və xidmət sektorunda bu, çox praktik üstünlük yaradır.
Əlbəttə, burada iki vacib şərt var: birincisi, şirkətlər müştəri məlumatlarının məxfiliyinə diqqət etməlidir. İkincisi, süni intellekt səhv də edə bilər, ona görə hüquqi, maliyyə kimi həssas mətnlərdə son yoxlama mütləq insan tərəfindən aparılmalıdır. Yəni Sİ son qərar verən deyil, düzgün istifadə olunanda güclü köməkçidir”.
“Ümumilikdə, “Gemini”nin Azərbaycan dilini dəstəkləməsi ölkəmizdə süni intellektdən istifadənin kütləviləşməsi üçün yaxşı fürsətdir. Bu, KOB-lara daha sürətli işləmək, xərcləri azaltmaq, satış və xidmət keyfiyyətini artırmaq, rəqəmsal məhsulları daha tez bazara çıxarmaq və uzun müddətdə daha rəqabətli olmaq imkanı verir. Bizim hədəfimiz də məhz budur: süni intellektdən real iqtisadi fayda yaratmağa və bunu hər bir sahibkarın gündəlik işində hiss etdirməyə nail olmaq lazımdır” - deyə millət vəkili sonda qeyd edib.