Mata Hari, Cicero və bakılı balası Zorge Kəşfiyyat xidmətlərinin işi çox vaxt filmlərdəki kimi təqdim olunur: gizli kameralar, şifrəli mesajlar, qaranlıq küçələr. Reallıq isə daha sərtdir. Əsl kəşfiyyat romantika deyil, səhv bağışlamayan mexanizmdir. Orada əsas dram güllələrdə yox, inanılıb-inanılmamasındadır. Tarix göstərir ki, ən böyük faciələr məlumatın olmamasından yox, mövcud məlumatın ya yanlış oxunmasından, ya da siyasi iradə tərəfindən qulaqardına vurulmasından yaranıb. Bu həqiqəti ən aydın şəkildə göstərən üç fiqur var: Mata Hari, Cicero və Rixard Zorge. Birinci Dünya müharibəsi zamanı Avropanın ən məşhur qadınlarından biri hollandiyalı Mata Hari idi. O, nə alman, nə də fransız idi. Amma Avropanın bütün paytaxtlarında tanınırdı. Yüksək cəmiyyət salonlarına, generalların süfrələrinə, diplomatların evlərinə sərbəst girib-çıxırdı. Onu təhlükəli edən də məhz bu sərbəstlik idi. Mata Hari Almaniya üçün işləyirdi. O, sənəd oğurlamırdı, xəritə çəkmirdi. O, söhbətləri dinləyirdi. Kimin harada narazı olduğunu, hansı qərarın hansı kabinetdə müzakirə olunduğunu ötürürdü. Fransaya gəldikdən sonra Fransa kəşfiyyatı onu öz tərəfinə çəkməyə çalışdı. Rəsmi olaraq Mata Hari Fransa üçün işləməyə başladı. Amma fransızlar onun davranışlarında qəribə bir uyğunsuzluq hiss edirdilər. O, həddindən artıq rahat idi. Həddindən artıq çox şey bilirdi. Və ən əsası, həddindən artıq çox əlaqəyə malik idi. Bu şübhəni faktla yoxlamaq üçün Mata Hari Fransa kəşfiyyatının tapşırığı ilə İspaniyaya, Madriddə göndərildi. Orada Almaniyanın hərbi attaşesi Arnold Kalle ilə görüşdü və fransızların verdiyi məlumatları almanlara ötürdü. Alman kəşfiyyatı bu məlumatları bilərəkdən açıq radio kanalları ilə göndərdi ki, Fransa radiosu onları tutsun. Mesajlarda Mata Hari H-21 kod adı ilə açıq şəkildə göstərilirdi. Bu artıq şübhə yox, sübut idi. Mata Hari Parisə qayıdan kimi həbs edildi və 1917-ci ildə camaatın qarşısında güllələndi. O, gözləri bağlı güllələnmədi. Dik durdu. Ölüm qarşısında məğrur idi. Amma kəşfiyyat üçün vacib olan onun cəsarəti yox, dərs idi: yanlış adama etibar zəncirvari ölümlə nəticələnir.