Gömrük sistemi ölkə iqtisadiyyatının tənzimlənməsində, milli iqtisadi sərhədlərimizin qorunmasında və dövlət büdcəsi gəlirlərinin formalaşdırılmasında strateji rola malikdir. 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 6862,0 milyon manatı və ya 17,8 faizi Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların payına düşür. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib. Komitə sədri vurğulayıb ki, gömrük sistemi indi təkcə fiskal qurum kimi deyil, həm də xarici ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və biznes mühitinin yaxşılaşdırılması aləti kimi çıxış edir. Bu, xüsusilə Orta Dəhliz və regionun logistika mərkəzinə çevrilmək hədəflərimiz kontekstində mühüm əhəmiyyət daşıyır. “Dövlət maliyyəsi, büdcə nəzarəti, vergi sistemi kimi gömrük sisteminin təkmilləşdirilməsi də davamlı prosesdir və yeni çağırışları da nəzərə alsaq bunun son həddi yoxdur. Yeni dövr gömrük sistemi qarşısında yeni tələblər qoyur. Nəzərə almalıyıq ki, gömrük siyasəti hər şeydən əvvəl dövlətin vahid iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasət dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlərə və iqtisadi strategiyaya uyğun olaraq formalaşdırılır və həyata keçirilir” – deyə o qeyd edib.
Komitə sədri Azər Əmiraslanov sonda 30 yanvar - Gömrük İşçiləri Günü münasibəti ilə bütün gömrükçüləri təbrik edib və onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzu edib.