“Son illər Azərbaycanda uşaqların fiziki inkişaf göstəriciləri, xüsusilə boy artımı ilə bağlı səsləndirilən narahatlıqlar təsadüfi deyil. Müasir tibb elmi göstərir ki, uşağın boyu yalnız genetik göstərici deyil; əksinə, genetik potensialın nə dərəcədə reallaşması uşaqlıq və yeniyetməlik dövründə qidalanma, həyat tərzi, hormonal balans, fiziki aktivlik və erkən profilaktik tədbirlərlə birbaşa bağlıdır. Yəni boy artımında müşahidə edilən geriləmə, əslində, cəmiyyətin sağlamlıq, qidalanma və sosial mühit göstəricilərinin güzgüsüdür”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Deputat bildirib ki, bu gün uşaqlar arasında boy artımının zəifləməsinin əsas səbəbləri sırasında keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur. Şəkərli içkilər, ultra-emal olunmuş məhsullar, fast-food mədəniyyəti kalorili, lakin bioloji dəyəri zəif qidalanma forması yaradır. Bu isə sümüklərin inkişafı üçün vacib olan zülal, kalsium, D vitamini, sink və digər mikroelementlərin xroniki çatışmazlığına gətirib çıxarır. Bunun üzərinə fiziki hərəkətsizliyi, ekran asılılığını, yuxu rejiminin pozulmasını və erkən yaşlarda vitamin-mineral profilaktikasının sistemli aparılmamasını əlavə etdikdə, problemin miqyası daha aydın görünür. “Bəzən bu məsələnin həlli kimi məktəb ətrafında qida satışına inzibati məhdudiyyətlərin tətbiqi təklif olunur. Halbuki bu yanaşma təkbaşına problemin köklü həlli ola bilməz. Əsl və davamlı həll yolu uşaqlara hələ bağça yaşlarından etibarən sağlam qidalanma vərdişlərinin və qidanın bioloji dəyərinin nə olduğunu öyrətməkdən keçir. Uşaqlar anlamalıdırlar ki, şəkər əlavəli və süni qidalar tez doyma və ani enerji hissi yaratsa da, orqanizm üçün real fayda daşımır, əksinə, metabolik pozuntuların və xroniki xəstəliklərin əsasını qoyur. Erkən yaşda bu şüurun formalaşdırılması elə bir nəsil yetişdirə bilər ki, onlar təkcə öz sağlam seçimlərini etməsin, eyni zamanda sağlam qidalanmanı dərk etməkdə çətinlik çəkən böyüklər üçün də yolgöstərən mövqeyinə yüksəlsin”.