Fatma Rüstəmova: "Qədir müəllim Şuşa xanəndələr məktəbinin sonuncu nümayəndəsidir" "Muğam müsabiqəsində Qədiri təqlid edənlərin balını kəsirdilər, o da arxada oturub baxırdı"
Qədir Rüstəmovun sənəti haqqında çox danışılıb: səsi, ifası, muğam məktəbindəki yeri çox müzakirə olunub. Amma onu hamıdan yaxşı tanıyan, son ana qədər yanında olan, həyatının bütün məqamlarını və sirlərini bölüşən xanımı Fatma Rüstəmova qədər Qədir Rüstəmovdan danışa biləcək adam çox azdır.
Modern.az saytı Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova ilə müsahibəni təqdim edir:
Müsahibə Fatma xanımın xatirələri üzərində qurulub. Burada oxucu məşhur xanəndəni səhnədən yox, evin içindən, ailə münasibətlərindən, köçkünlük illərindən, itirilən lentlərdən, qorunan əşyalardan və heç vaxt unudulmayan Ağdamdan tanıyacaq. Fatma Rüstəmovanın danışdıqları təkcə bir sənətkarın bioqrafiyası deyil, eyni zamanda Qarabağ müharibəsinin, mədəniyyət mühitinin və sədaqətlə qorunan xatirələrin hekayəsidir.
- Fatma xanım, Qədir müəllimlə birlikdə olan şəkillərinizə baxdım, demək olar ki, heç dəyişməmisiniz. - Yox, nə danışırsan, çox dəyişmişəm. Qədir olanda hər şey çox yaxşı idi. Bəzən deyirəm, kaş o sağ olardı, şikəst olsaydı da evin bir tərəfində oturardı, mən ona baxardım. Ondan sonra mənim üçün çətin oldu. Kənardan baxanda çox fərqli görünürdü, amma bizə qarşı tamam fərqli idi. - Bəs ailədə necə idi? - Evdə, ailədə çox sakit, qayğıkeş ata idi. Göründüyü kimi deyildi. Ailəsinə qarşı çox-çox qayğıkeş olub. Bir gecənin içində taleyimiz dəyişdi. Ağdam işğal olunanda hara gedəcəyimizi bilmədik, Qədir müəllim üçün də çətin oldu. Bir o yaxşı oldu ki, mən Qədir müəllimin yanında oldum. - Yola getmək çətin idi? - Qədir müəllim kimi insanla yola getmək… bilmirəm necə izah edim. Hövsələsiz adam idi. Ağdam işğal olunandan sonra Qədir müəllim toylara çox da getmədi. Şəraitimiz pis idi. Amma mən ondan heç vaxt nəsə tələb etmədim. Görürdüm ki, sıxılır, üzü tutulur, günlərlə yemək yemir, ancaq çay içir, qəlyan çəkir. Mən onu yola gətirirdim. Deyirdim: “Qədir, belə olmaz, yaxşı olacaq. Bu gün-sabah yenə rayona qayıdacağıq”. Uşaq kimi ona çay da, yemək də yedizdirirdim. Qədir ölənə qədər Ağdamdakı hərbi hissəyə gedirdi. Ona silah da, hərbi forma da vermişdilər. Gedib gününü orada keçirirdi. Arada öz-özümə fikirləşirəm ki, o, Milli Qəhrəman adına layiq idi. Mən onun qədər vətənini sevən adam görməmişəm. - Siz deyib-gülən, Qədir müəllim isə sərt insan olub... - Qədir müəllimin vaxtında çox deyib-gülmürdüm. Güləndə deyirdi ki, çox gülmə. Siz inanırsınız, Qədir müəllimin səsləndirdiyi qəzəllərin hamısını mən ona kitabdan oxuyurdum, o da əzbərləyirdi. Həddindən artıq qısqanc olub. Heç vaxt qonşuya keçməmişəm. Hamı mənə deyirdi ki, sən Qədirə necə dözmüsən... Arada ondan küsürdüm də, amma mən onun həmişə yanında olmuşam. O, mənsiz bir saniyə də qala bilmirdi. Mən indiyədək onunla yaşamışam, rəhmətə gedəndən sonra da yalnız onun xatirəsini yaşadıram. Nə vaxt mən ölsəm, bilin ki, Qədir müəllim də onda ölüb.
- Əşyalarının çoxunu muzeyə bağışlamısınız...
- Əşyalarının əksəriyyətini Milli Azərbaycan Tarix Muzeyinə verdim. Qızıl əşyaları, saatı, üzüyü, “Şöhrət” ordenini. 1960-cı ildə ona Xan Şuşinski bir qaval bağışlamışdı, onu da verdim. Evdə saxladıqlarım da var. Ağdam qeydiyyatındayam, köçmək üçün növbəyə yazılmışam. Gedən kimi orada Qədir müəllimin muzeyini yaradacağam. Ağdamda Qədir müəllimin öz əli ilə əkdiyi tut ağacı var idi. Müharibə ərəfəsində ağac iki yerə bölünmüşdü. Qonşu uşaqları çağırıb ağacdan dairəvi iki parça kəsdirdim. İşğaldan sonra əlini həmin ağaclara sürtürdü, bu sanki ürəyini də toxunurdu. Mən istəmirəm ki, o əşyalar zamanla əldən-ələ keçsin, yox olsun. İstəyirəm ömürlük yaşasın. Ona görə muzeyə apardım. Amma müqavilə ilə vermişdim ki, Ağdam azad olunanda gəlib əşyaları aparacağam. Özüm də Qədir müəllimin əşyalarını gözüm kimi qorumuşam. Sağlığında arxivini toplamışam: qəzet parçaları, şeirlər. Təkcə “Sona bülbüllər”ə üç yüz şeir yazılıb, onların hamısını yığmışam.
- Qədir müəllim tez küsən olub. Bəs son ana qədər bağışlamadığı adamlar varmı?
- Çox olub… Bir şeyi deyim sizə: Qədir müəllimi çağırırdılar, AzTV-də səs yazdırmaq üçün bir ay əvvəldən növbəyə dururdu. Deyirdilər, bir aydan sonra gəl. Deyilən vaxt gedirdi. Hər dəfə beş mahnı yazdırırdı, onların içində muğam da oxuyurdu. Evə qayıdırdıq, gözləyirdik filan vaxtda efirə verilsin. Vermirdilər. Senzurada kim otururdu? Əlibaba Məmmədov. O, Qədir Rüstəmovun 17 mahnısını sildirib. Axı bu adam nə qədər oxuyacaqdı? Ömür boyu oxumaq olar? Səsinin ən gözəl vaxtında oxuduğu mahnıları sildilər. Müxalif təsnifi, “Axşam oldu, neyləyim”, “Gərək Günəş dağları aşıb sönməyəydi”, “Sən getdin” – hanı bunlar? Niyə sildirdi? Çünki paxıllıq edirdi. Habil Əliyev də həmçinin. Qədir Rüstəmov vəfat edəndə hamı orada idi, bir Əlibaba müəllim, bir də Habil müəllim yox idi. Habil Əliyevlə münasibətin pozulması Bakı toylarında olub. Bakılılar meyxananı sevir. Toyun sonunda həmişə meyxana deyilirdi. Qədirdən xahiş ediblər ki, bir az vaxt versin, meyxanaya qulaq assınlar. Qədir razılaşıb, Habil isə əsəbiləşib ki, sən niyə razılaşırsan, səhərə qədər burada oturmalıyıq? Sonra müsahibələrində də Qədirə söz atdı. Əlibaba isə ümumiyyətlə qarabağlıları sevmirdi. Qədiri təqlid edən uşaqların da yolunu həmişə kəsirdi, Qədir də bunu görürdü. Əlibaba Məmmədov özü nağaraçalan olub, Qədirin sənətinə necə dəyər verə bilərdi? - Qədir müəllim münasibətlərin pisləşməsinə görə narahat olurdu? - Heç vaxt. Adlarını da çəkmirdi, yadına da salmırdı. Amma mən unutmuram ki, Qədir müəllimin oxuduğu o qədər gözəl mahnıların yoxa çıxmasının səbəbi Əlibaba müəllim oldu.