Ölkə ərazisində hazırda yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə sulu qar, qar yağır. Yağıntı ayrı-ayrı yerlərdə intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumta görə, qarın hündürülüyü Qax, Zaqatala, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Qəbələdə daha çox olub.
Qar səbəbindən bir sıra yollarda problemlər yaranıb, avtomobillərin hərəkətində çətinlik müşahidə olunub.
Bəs, qar yağan ərazilərin deputatlarına vətəndaşlar tərəfindən şikayətlər daxil olubmu?
Modern.az bununla bağlı deputatlar arasında sorğu keçirib.
Saytımıza açıqlamasında Milli Məclisin Qubadan seçilmiş deputatı Vahid Əhmədov ciddi bir problemin olmadığını söyləyib:
"Əvvəllər qardan intizar olurdu. Elə kəndlər vardı ki, 1 metrə qədər qar yığırdı. Bu kəndlərin də əksəriyyəti mənim dairəmə düşür. Ən ucqar kəndlər məndədir. Əlbəttə,yolla əlaqədar elə ciddi problem yoxdur. İcra hakimiyyəti tərəfindən işlər görülür. Mütəmadi əlaqələrim var. Əhalidən elə ciddi narahatlığının olduğu ilə bağlı şikayət almamışam. Lakin ola bilər ki, hansısa yolda müəyyən problemlər olsun. Amma ciddi problemin olduğunu mən hiss etməmişəm. Çünki mənim də, köməkçilərimində gündəlik olaraq Qubayla əlaqələri olur".
Vahid Əhmədov insanların seçkiyə hazırlaşdığını söyləyib:
"Camaatın hamısı bu dəqiqə seçkilərə hazırlaşır. İnşallah, 7 fevraldakı seçkilər sağ-salamat başa çatsın, prezidentimizi yenidən seçək".
Qusarın deputatı Azər Badamov şikayətlərin ən çox qazlaşma ilə bağlı olduğunu söyləyib:
"Qusar rayonunun sakinləri əsasən qarlı, soyuq qış mövsümünə öyrəşiblər. Sadəcə qış mövsümünə hazırlıqla bağlı problem yaşayırlar və ona görə də havalar soyuyan kimi bu mövzuda müraciətlər çoxalır. Belə ki, ən çox şikayətlər qazlaşma ilə bağlıdır. Respublikanın regionlarında qazalaşma 94% olsa da Qusarın yaşayış məntəqələrinin cəmi 51%-i qazlaşıb. Hətta elə kəndlər var ki, kəndin içindən magistral qaz kəməri keçir, amma kəndə qaz verilməyib. Elə kəndlər də var ki, sağında və solunda yerləşən yaşayış məntəqləri qazlaşsa da, ortada qazalaşmadan kənarda qalıb".
A.Badamov Qusarın qazlaşmasını sürətlənərsə, şikayətlərin də azalacağını söyləyib:
"Onu da qeyd etmək istəyirəm ki, Qusarda qazı olmayan kəndlərin sakinləri əvvəllər kəndə yaxın meşə ərazisindən yanacaq odun tədarükünü görürdülər. İndi bütün meşələr qoruq elan olunub və əhaliyə verilən oduncaq limiti də çox cüzidir. Əhali istilik istəyir. Qusarda da qış digər rayonlara nisbətən daha uzun çəkir. Ona görə də "Azəriqaz" Qusarın qazlaşması məsələsini sürətləndirsə, təbii ki, bu sahədə olan şikayətlər də azalmış olacaq".
Mingəçevirin deputatı Aydın Mirzəzadə isə heç bir problemin olmadığını vurğulayıb:
"Hazırda seçki kampaniyası ilə bağlı Mingəçevir şəhərindəyəm. Hər gün iki-üç görüşümüz olur. Gecə şəhərə güclü qar yağdı. Amma şəhərin kommunikasiyaları normal işləyir. Heç bir problem yoxdur. Yollar açıqdır. Su və elektrik enerjisində hər hansı kəsilmə yoxdur. Şəhər icra hakimiyyəti ilə də əlaqə saxlamışam. Heç bir problemin olmadığını deyirlər".
A.Mirzəzadə şəhərin bütün kommunikasiya xidmətlərinin hazır vəziyyətdə olduğunu deyib:
"Şəhərin bütün kommunikasiya xidmətləri ayaq üstədir. Haradasa, çatışmazlıq, kəsilmə olarsa, operativ surətdə onu aradan qaldırmağa hazırdılar".
Lənkəranın deputatı Rüfət Quliyev problemlərin texniki-obyektiv səbəblərlə bağlı olduğunu qeyd edib:
"1 saat öncə Ləkəranla əlaqə saxlamışam. Orada mənim köməkçilərim var. Bəli, Lənkərana da qar yağıb. Qışdır, təbii ki, qar yağacaq. Problemlərin yarananda daha çox elektrik enerjisi ilə əlaqədar yaranır. O da texniki-obyektiv səbəblərlə bağlıdır. Lakin keçən illərlə müqayisədə problemlərin sayı kifayət qədər azalıb".
R.Quliyev seçicilərindən heç bir şikayət almadığını bildirib:
" 2-3 saatdan sonra qar da çəkiləcək. Yenə də yollarda vəziyyət normal olacaq. İnsanlar işlərini görəcəklər. Soyuğa öyrəşən ölkə deyilik. Əlaxüsus cənub bölgəsinin insanları soyuğa öyrəşməyib. Ancaq yenə deyirəm qarın da öz ləzzəti var, eləcə də sağlamlıqdır. Texniki tərəfdən ildən ilə Lənkəran belə problemlərə hazır olur. Şikayət almadım".



