Müasir cəmiyyətlərdə inkişaf təkcə iqtisadi göstəricilərlə ölçülmür, eyni zamanda təhsil səviyyəsi, qadınların ictimai həyatda iştirakı və sosial institutların gücü bunun əsas faktorlarındandır. Bu kontekstdə dini simvolların, xüsusilə hicabın ictimai məkanda hansı rolu oynadığı məsələsi artıq sırf fərdi inanc mövzusu olmaqdan çıxaraq sosial inkişafla bağlı ciddi suallar doğurur. Azərbaycanda hicabla bağlı müzakirələr uzun illərdir emosional müstəvidə aparılsa da, məsələni soyuqqanlı şəkildə inkişaf kontekstində analiz etdikdə mənzərə daha aydın görünür. Hicab bir geyim forması kimi təqdim edilsə də, onun yayılması çox zaman qadının azad seçiminin yox, sosial təzyiqin, patriarxal nəzarətin və radikal dini təsirlərin nəticəsi olur. Bu isə birbaşa olaraq insan kapitalının inkişafını zəiflədən amillərdən biridir. Azərbaycanda vəziyyət fərqlidir və bu, mühüm üstünlükdür. Ölkədə hicab dövlət siyasəti səviyyəsində məcburi deyil və qadınların təhsilə çıxışı nisbətən yüksəkdir. Lakin bu, təhlükənin olmadığı anlamına gəlmir. Hicabın ideoloji simvola çevrilməsi, xüsusilə azyaşlı qızlara tətbiqi və onun “əxlaq ölçüsü” kimi təqdim edilməsi cəmiyyət üçün uzunmüddətli risklər yaradır. Bu yanaşma qadını fərd kimi deyil, nəzarət obyekti kimi görən düşüncə tərzini möhkəmləndirir. Tarixi kontekst də göstərir ki, hicab heç vaxt sırf mənəvi dəyər olmayıb. O, müxtəlif dövrlərdə sosial statusu, cinsi nəzarəti və qadının “kimə aid olduğunu” göstərən alət kimi istifadə olunub. Müasir hüquq sistemlərində bütün qadınlar azad və hüquq qarşısında bərabər olduğu halda, bu simvolun məcburi şəkildə qorunması artıq məntiqini itirir. Bu gün hicab nə qadının əxlaqını, nə də onun sosial dəyərini müəyyən edir. Əksinə, bir çox hallarda qadının öz həyatı üzərində tam söz sahibi olmadığının göstəricisinə çevrilir. Ən təhlükəli məqam isə odur ki, hicab çox zaman inkişafın qarşısında duran əsas maneələrin, zəif təhsilin, iqtisadi asılılığın və patriarxal düşüncənin üzərini örtən simvol rolunu oynayır. Problem hicabın özündə deyil, onun normaya, məcburiyyətə və ideoloji alətə çevrilməsindədir. Harada qadın seçim edə bilmir, orada inkişaf da dayanıqlı olmayacaq.
Bir sıra beynəlxalq tədqiqatlar bu məsələni araşdırmağımıza imkan verir. ABŞ-də fəaliyyət göstərən və beynəlxalq səviyyədə rəsmi və etibarlı tədqiqat mərkəzi kimi tanınan “Pew Research Center”dən əldə etdiyimiz məlumata görə, gəlir bərabərsizliyinin yüksək olduğu ölkələrdə insanların dini “çox vacib” sayma ehtimalı daha yüksəkdir. Əksinə, sosial-iqtisadi bərabərliyin nisbətən daha yüksək olduğu ölkələrdə dinin gündəlik həyatdakı çəkisi azalır. Qlobal orta göstəriciyə görə, ölkələrin əksəriyyətində əhalinin təxminən 53 faizi dini həyatında “çox vacib” hesab edir.
Bu tendensiyanın tənzimlənməsi isə son dərəcə çətindir. Çünki söhbət təkcə qanunvericilikdən və ya institusional islahatlardan getmir. Dini radikallaşma sosial qorxular, iqtisadi qeyri-müəyyənlik, identiklik böhranı və siyasi legitimlik problemləri ilə qidalanır. Qadınların geyimi üzərindən qurulan məcburiyyət mexanizmləri də məhz bu dərin struktur problemlərin görünən simvoluna çevrilir. Belə şəraitdə inzibati qərarlar radikal yanaşmaları zəiflətmir, əksinə, bəzən onları daha da sərtləşdirir. Nəticə etibarilə, tədqiqatların göstərdiyi əsas xətt belədir. Harada təhsil, iqtisadi inkişaf və institusional sabitlik güclüdürsə, din fərdi seçim səviyyəsində qalır, harada isə din zorakı norma və məcburiyyət alətinə çevrilirsə, inkişaf dayanır. Bu iki istiqamət paralel deyil, bir-birini qarşılıqlı şəkildə formalaşdıran proseslərdir. Onların tarazlaşdırılması uzunmüddətli, çoxşaxəli və cəmiyyətin bütün təbəqələrini əhatə edən strategiyalar tələb edir. Son olaraq Azərbaycan cəmiyyətinin bu məsələdə problemli olmadığı aydın görünür. Xanımlar özləri də dərk edirlər ki, məcburi dini geyimlər xurafatçılıqdan irəli gəlir. Bəzən isə kişilər öz həyat yoldaşlarına hicab geyindirməklə güvənirlər. Yaşadığımız zamanı, onun çağırışlarını nəzərə alsaq bu, çox məntiqsiz görünür. Hər bir halda burada sərbəst seçim önəmlidir. Göstərici üçün hicaba bürünmək əslində dinə uyğun deyil. Hər kəsin seçiminə sayğı ilə yanaşaraq bir məqamı mütləq vurğulamalıyıq. Hicab geyinməklə kimsə tərbiyəli, əxlaqlı, dindar olmur. Yaxud da tərsinə. Hicab geyinməklə kimsə etibarlı da olmur. Ən vacibi savadlı, təhsilli, ağılı olmaqdır. Bir ailənin də, bir cəmiyyətin də buna həmişə ehtiyacı var. Bir ölkənin güclü olması təhsilli anaların olmasından keçir. Hicablı anaların çoxluğu isə buna təkan vermir. Sevindirici hal odur ki, Azərbaycan cəmiyyətində indi xanımlar elm və təhsilli, ağıllı və işgüzar olmaq istəyirlər. Gələcək elm və təhsildə, ağıllı və işgüzar olmaqdadır.