İran İslam Respublikasında baş verən son hadisələr - etiraz dalğaları Azərbaycanda xüsusi diqqətlə izlənilir. Bu, bir neçə mühüm amillə izah oluna bilər. Coğrafi yaxınlıq, tarixi-mədəni bağlar, etnik faktor, regional təhlükəsizlik və iqtisadi münasibətlər İran daxilindəki proseslərin Azərbaycan üçün əhəmiyyətini artıran əsas səbəblərdir. İranda milyonlarla azərbaycanlının yaşaması bizim üçün ən həssas və emosional məsələlərdən biridir. Güney Azərbaycanda yaşayan soydaşlarımızın sosial vəziyyəti, mədəni hüquqları və ictimai proseslərdə iştirakı Azərbaycan mətbuatı üçün daim müzakirə mövzusu olub. İranda baş verən etirazlar, islahat çağırışları və ya mərkəzi hakimiyyətin siyasətindəki dəyişikliklər birbaşa olaraq oradakı Azərbaycan türklərinin durumuna təsir edə bilər. Bu isə Azərbaycan cəmiyyətində təbii maraq və narahatlıq doğurur. İrandakı rejiminin fars millətçiliyi üzərində durması və Azərbaycan Respublikasına yumşaq desək, dost olmayan siyasət yürütməsi də xüsusi qeyd olunmalıdır. İran-Azərbaycan münasibətlərində zaman-zaman yaşanan gərginliklər iki ölkə arasındakı diplomatik əlaqələrdə də həmişə özünü qabarıq şəkildə biruzə verib. Modern.az-ın məlumatına görə, müstəqil Azərbaycanın İranla diplomatik münasibətləri hələ 1918-ci ildən qurulmağa başlayıb. Belə ki, o dövrdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ilin sentyabrında özünün İrana ilk diplomatını - işlər vəkilini təyin etməyi qərara alıb. Lakin İran tərəfi ilk vaxtlar AXC ilə diplomatik əlaqələr qurmaqdan imtina edib. O zaman İran Azərbaycan adlı müstəqil dövləti tanımaq istəmirdi. Nəhayət 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Tehrana fövqəladə missiya göndərməyə nail olub. İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi bu missiya İrandakı şah hökuməti ilə Azərbaycan arasında diplomatik nümayəndəliklər açmaq təklifini müzakirə edib. Nəticədə 1919-cu ilin iyulun 16-da AXC hökuməti İranda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib.
1998-ci ildə də Azərbaycanla İran arasında diplomatik qalmaqal yaşanmışdı. Həmin vaxt Azərbaycanın İrandakı səfiri Əliyar Səfərlinin Güney Azərbaycanlılarla bağlı bəzi açıq çıxışları rəsmi Tehranın sərt etirazı ilə qarşılanmışdı. Nəticədə Ə.Səfərli qeyri-rəsmi olaraq İranda “persona-non-qrata” elan edildiyindən onun səfirlik fəaliyyətnə son qoyulmuşdu...