“Avro-2024”ün seçmə mərhələsinin qrup oyununda Belçikaya 0:5 hesabı ilə məğlub olan futbol üzrə Azərbaycan milli komandasının italiyalı baş məşqçisi Canni De Byazi yenidən medianın diqqət mərkəzinə düşüb. Azərbaycan jurnalistlərini təhqir edən əcnəbi baş məşqçiyə görə AFFA-nın baş katibi üzr istəyib. Modern.az xəbər verir ki, idman jurnalistləri zaman-zaman Canni De Byazinin ölkəmizdəki qazancını araşdırmağa çalışıblar. Belə ki, medianın məlumatına əsasən, italiyalı Canni De Byazinin millimizdəki qazancı Azərbaycan reallığı üçün böyük rəqəmdir.
O, 2020-ci ilin iyulunda AFFA ilə 1,5 illik müqavilə bağlayıb və aylıq maaşı 50 min avro təşkil edib (Sportal.az).
Daha sonra 2022-ci il üçün müqaviləsini uzadanda maaşı azaldılaraq təxminən ayda 25 min avro (Football-plus.az) və ya 50 min manat (FutbolPress.az) məbləğində olub.
Sonra yenidən 2023-cü il üçün müqaviləsini artıranda aylıq gəlirinin təxminən 50-75 min avro olduğu bildirilib (Fanat.az, Aut.az).
Bundan başqa, 2020-ci ildə belə məlumat vardı:
“De Byazi Azərbaycana özü ilə bərabər 5 köməkçi gətirib. Rekord.az-a AFFA-ya yaxın mənbədən daxil olan məlumata görə, federasiya ümumilikdə bir il üçün italyanlara 5 milyon dollara yaxın pul xərcləyəcək. Buraya onların illik maaşı, ev, avtomobil kirayəsi, telefon danışıq xərcləri, il ərzində İtaliyaya gediş-gəliş bilet və s. xırda xərclər də daxildi”.
2022-ci ildə də belə məlumat olub:
“Aut.az-a məlumat verən AFFA-dakı mənbə bildirib ki, De Byazi müqaviləyə qol çəkərkən paket şəklində 1 milyon avronu cibinə qoyub. Müqavilədə göstərilən məbləğ isə onun aylıq aldığı vəsaitdir ki, heç bu da az deyil, təxminən 15 min avro. Yəni Canni ölkəmizdə ilə 1 milyon 200 min avro qazanır. Onun köməkçiləri ilə də belə anlaşılıb”.