Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub.
Bu barədə Metbuat.az-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, maksimal sinifli alışma 3536 oblastında M1.9 sinifli alışma olub. Həmçinin, alışmalar ilə bağlı R1 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II tip radioemissiya və istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 12 ləkə qrupunda 183 ləkə və kiçik Tac dəliyi müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin maksimal sürəti 530 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 9 nT, radial istiqamətdə isə -7 nT olub. Hazırda Günəş küləyinin sürəti normaldır (324 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nT təşkil edir. Kp indeksi 0.67-ə bərabərdir, kosmik hava sakitdir.