Milli Məclisdə elektron siqaretlərin dövriyyəsinin və istifadəsinin qadağan olunması ilə bağlı aparılan müzakirələr cəmiyyətdə bu məsələyə marağı daha da artırıb. Xüsusilə, dünya təcrübəsində, o cümlədən Yeni Zelandiyada gələcək nəsillər üçün siqaretin mərhələli şəkildə qadağan edilməsi nümunəsi bu mövzunu aktuallaşdırır. Belə ki, Azərbaycanda da elektron siqaretlərin tam məhdudlaşdırılması ilə yanaşı, ənənəvi tütün, yəni siqaretin də qadağan olunmasının mümkünlüyü həm cəmiyyətin sağlamlığı, eləcə də iqtisadi baxımdan müəyyən suallar doğurur.
“Lakin bu cür yanaşmalar bəzi hallarda cəmiyyətdə insanların başqa, orqanizm üçün daha zərərli kimyəvi maddələrə yönəlməsini stimullaşdırıb. Halbuki maarifləndirici məhdudiyyətlər və qanunvericilik normalarından düzgün istifadə edərək, vətəndaşların məlumatlandırılması stimullaşdırılsa, məhdudlaşdırma prosesi daha effektiv nəticə verə bilər”.
Deputat vurğulayıb ki, elektron siqaretlərin satışı, idxalı və onlara tətbiq edilən vergi güzəştlərinin məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsləri, mənim fikrimcə, olduqca mühüm əhəmiyyət daşıyır:
“Biz bu istiqamətdə artıq klassik siqaretlərin satışının məhdudlaşdırılması ilə bağlı bir sıra addımlar atmışıq. Belə ki, yaş məhdudiyyətlərinin tətbiqi, satış məntəqələrinə qoyulan məhdudiyyətlər, reklamın qadağan edilməsi, xüsusilə gənclər üçün cəlbedici təbliğatın qarşısının alınması çox mühüm tədbirlərdir”.
M.Məmmədlinin sözlərinə görə, bu addımlar təkcə elektron siqaretlərin deyil, ümumilikdə bütün tütün məmulatlarından istifadənin azalmasına səbəb olur:
“Zənnimcə, elektron siqaretlərin istifadəsinin qanunvericiliklə məhdudlaşdırılması həm mövcud vərdişlərin qarşısını alır, eləcə də elektron siqaretdən istifadə edən gənclərin gələcəkdə digər tütün məhsullarına keçid ehtimalını azaldır. Bu isə sağlam cəmiyyətin və sağlam gəncliyin formalaşması baxımından mühüm addımlardan biridir. Məhz bu baxımdan düşünürəm ki, gələcək dövrlərdə mərhələli şəkildə ənənəvi siqaretdən istifadə də məhdudiyyətlər tətbiq oluna bilər”.
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, siqaretdən istifadənin tamamilə qadağan olunması hazırkı mərhələdə Azərbaycan reallıqları kontekstində nə mümkündür, nə də məqsədəuyğundur.
“Bununla yanaşı, tütün və tütün məhsullarından istifadənin minimum səviyyəyə endirilməsi istiqamətində sistemli və ardıcıl işlərin görülməsi zəruridir.
Bu istiqamətdə atılan mühüm addımlardan biri də elektron siqaretlərin tam qadağan olunmasıdır. Bu, birmənalı şəkildə doğru qərardır və 2025-ci il ərzində insanların sağlamlığı ilə bağlı verilmiş ən əhəmiyyətli qərarlardan biri hesab edilə bilər. Çünki elektron siqaretlərin insan sağlamlığı üçün zərərli olduğu artıq danılmaz faktdır. Əgər bu məhsullar mövcud olmasa, insanlar da onlardan istifadə etməyəcəklər”.
İqtisadçı eyni zamanda qeyd edib ki, bu qadağanın dövlət büdcəsinə mənfi təsiri fikri ilə razılaşmır:
“Çünki elektron siqaretdən istifadə edənlər alternativ olaraq digər tütün məhsullarına, o cümlədən klassik siqaretlərə yönələcəklər. Bu isə elektron siqaretdən daxil olan aksiz gəlirlərinin kompensasiya olunmasına imkan verəcək. Nəticə etibarilə, aksiz vergilərindən daxilolmalar elektron siqaretlərin qadağan olunması fonunda azalmayacaq.
Ümumilikdə həm Dövlət Statistika Komitəsinin, həm də BMT-nin məlumatları göstərir ki, tütün və tütün məhsullarından istifadə həcmi getdikcə azalır. Azərbaycanda da siqaret istifadəçilərinin sayı ildən-ilə azalır və qarşıdakı illərdə bu tendensiyanın davam edəcəyi gözlənilir. Çünki insanlar artıq daha şüurlu şəkildə bu məhsulların sağlamlığa nə qədər zərərli olduğunu anlayırlar”.
E.Əmirov onu da əlavə edib ki, elektron siqaretlərə dair nəzərdə tutulan qadağanın nə istehsala, nə idxal-ixrac əməliyyatlarına, nə də məşğulluğa mənfi təsiri olacaq. Onun sözlərinə görə, sözügedən qadağanın müsbət tərəflərindən başqa hər hansı mənfi cəhəti yoxdur:
“Bununla yanaşı, bir məqama da diqqət yetirmək istərdim: bu qadağa hazırda satışda olan, dövriyyəyə buraxılmış və ya artıq sifariş edilmiş, gömrük prosedurlarını keçmək üzrə olan məhsullara şamil edilməməlidir. Çünki bu məhsullar öncədən sifariş edilib, ödənişləri həyata keçirilib və onların qadağan edilməsi yerli sahibkarlar üçün ciddi maliyyə itkilərinə səbəb ola bilər. Buna görə də artıq ölkəyə daxil olmuş və dövriyyədə olan məhsulların satışına müəyyən keçid dövrü ərzində imkan yaradılması məqsədəuyğun olardı”,- deyə iqtisadçı bildirib.