Son dövrlərdə uzun müddət ictimai müzakirələrdən kənarda qalmış bəzi kommersiya şirkətlərinin yenidən fəallaşması diqqət çəkir. Vaxtilə fərqli sahədə fəaliyyət göstərmiş, fəaliyyəti ilə bağlı müxtəlif narazılıqlar və iddialar səsləndirilmiş bu şirkətlər indi yeni təqdimat formaları və məhsul xətti ilə bazarda mövqelərini bərpa etməyə çalışırlar. Bu proses fonunda istehlakçıların sağlamlığı, məhsulların keyfiyyəti və onların dövriyyəsinin hüquqi əsasları xüsusi aktuallıq kəsb edir.
Özünü “təbii məhsullar” istehsalçısı kimi təqdim edən, lakin istehsal və mənşə məsələləri ilə bağlı ziddiyyətli məlumatlar dolaşan Tiens və ona bağlı strukturlar da bu kontekstdə maraq doğurur. Bununla belə, şirkətin təklif etdiyi məhsulların tərkibi, sertifikatlaşdırma mexanizmləri, nəzarət və yoxlama prosesləri, eləcə də bu məhsulların ölkə ərazisində satış və istifadəsinin mövcud qanunvericiliyə uyğunluğu araşdırılmağa ehtiyac yaradan məsələlər sırasındadır.
Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, illər boyu Azərbaycanda bu tip çoxsaylı şirkətlər fəaliyyət göstərib.
“İlk olaraq Herbalife, daha sonra Dr. Nona, Sibirskaya Zdorovya (Siberian Welness), Tiens və sair müxtəlif adlar altında fəaliyyət göstərən şirkətlər meydana çıxıb. Biz bunların bir çoxunu ifşa etmişik. Əhalinin sağlamlığında kütləvi problemlər yarandığından bəzən belə şirkətlər parlaq, cəlbedici, radikal və insan beyninə təsir edən reklamlarla insanları inandırır və onları bu yerlərə cəlb edirlər”.
O eyni zamanda qeyd edib ki, bu fonda guya insanlara xeyir verən arı ilə müalicə, zəli ilə müalicə, eşşək südüylə müalicə, qurbağa ilə müalicə və sair kimi üsullar da ortaya çıxır:
“Əlbəttə, xalq təbabəti akademik təbabətdən daha əvvəl mövcud olub. Lakin illər, əsrlər boyu akademik tibb xalq təbabətində mümkün olan, elmi əsaslandırıla bilən hər şeyi götürüb, araşdırıb və akademik təbabətə çevirib.
Mən belə adamlara sual verirəm: arı ilə, zəli ilə və ya başqa üsullarla müalicə etdiklərini iddia edirlərsə, akademik tibbdə nə çatışmır ki, bunları dərman formasına salmaq mümkün olmasın? Akademik tibbin arxasında laboratoriyalar, tədqiqatçılar, alimlər, istehsalçılar və dərmanların hazırlanması və istehsalı ilə bağlı şirkətlər dayanır. Onlara nə çatmır ki, məsələn, qurbağa ilə müalicə və ya Tiens-in təklif etdiyi məhsullar akademik tibbdə tətbiq olunmasın?”
E.Hüseynov sözügedən kontekstdə insanları akademik həkimlərə və akademik təbabətə inanmağa çağırıb:
“Tiens-lə bağlı mənə illər boyu şikayətlər olub və biz vətəndaşların aldıqları məhsulları geri qaytara bilmişik.
Üstəlik, Tiens-də qəribə məsələlərdən bir digəri də piramidal marketinq sisteminin mövcudluğu ilə bağlıdır. İnsanları cəlb edirlər, sonra məhsul verirlər, “sat, sənə buradan bonus gələcək” kimi vədlər verirlər. Düzdür, qanun bunu birbaşa qadağan etmir, lakin insanlar bilməlidir ki, harada piramidal marketinq varsa, orada problem var.
İnsanlar bilməlidir ki, xalq təbabəti artıq elmi, akademik tibbin çərçivəsində araşdırılıb və tətbiq olunur. Buna görə də insanları bir daha akademik təbabətə üstünlük verməyə çağırıram”,- deyə o söyləyib.
AİB sədri həmçinin Tiens və digər bu tip şirkətlərin nümayəndələrinin dəfələrlə onların ofislərində olduqlarına da diqqət çəkib:
“Onlar çox gözəl, poliqrafik baxımdan keyfiyyətli çap olunmuş broşürlər, bukletlər, jurnallar göstərirlər. Orada dünyanın məşhur professorlarının şəkilləri, fikirləri yer alır.
Lakin bilmək lazımdır ki, bütün dünya istehlakçılarını aldatmaq üçün 20 nəfər pula satılmış “professor” tapmaq kifayətdir. Mənim yanıma gəlib “biz yaxşıyıq, niyə bizi tənqid edirsiniz?” deyəndə demişəm ki, bu gözəl çap olunmuş jurnalların əvəzinə mənə akademik bir nəşr gətirin. Məsələn, hansısa ölkənin Elmlər Akademiyasının rəsmi nəşrində dərc olunsun ki, bu məhsul insanlara xeyir verir. Bunu isə heç vaxt gətirə bilməyiblər.
Yalnız cəlbedici şəkillər, saqqallı “professorlar” və onların sitatları təqdim olunur. Bir daha deyirəm: dünyanı aldatmaq üçün 20 nəfər pula satılmış adam kifayətdir və belə insanlar təəssüf ki, mövcuddur”.
“İstehlakçılar bu məhsulları istifadə etmək istəyirlərsə, mütləq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində qeydiyyata dair sənədlərlə tanış olsunlar. Əgər bu sənədlər mövcuddursa, seçimlərini özləri etsinlər. Problemlə üzləşənlər isə 1003 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”,- deyə sədr qeyd edib.