"Yuventus"un azarkeşləri səsvermə yolu ilə noyabr ayının ən yaxşı futbolçusunu müəyyən ediblər. Türk əsilli Kənan Yıldız komanda yoldaşlarını qabaqlayaraq "ən yaxşı futbolçu" tituluna layiq görülüb.
Metbuat.az xəbər verir ki, Kənan noyabrda "Yuventus"un heyətində 5 oyuna çıxıb. Bu matçlardan ikisi Çempionlar Liqası, üçü isə İtaliya çempionatında baş tutub. Yıldız 5 oyunda toplam iki qol vurub, bir qolun ötürməsini verib.
Kənan bu mövsüm "Yuventus"un heyətində 21 matçda iştirak edib. 20 yaşlı futbolçu 6 dəfə fərqlənə bilib.