21-22 dekabr tarixlərində MDB liderlərinin və Ali Avrasiya İqtisadi Şurasının ənənəvi qeyri-rəsmi sammiti Sankt-Peterburqda keçiriləcək. Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da 21 dekabrda Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. O bunu hökumət brifinqi zamanı jurnalistlərə bildirib.
"Gələn bazar günü beynəlxalq tədbirdə, Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak etmək üçün səfərim planlaşdırılır", - Paşinyan jurnalistlərə deyib.
İclas 21-22 dekabr tarixlərində Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi görüşü ilə üst-üstə düşür.
Birlik ölkələri arasında qarşılıqlı əlaqələrin cari məsələləri müzakirə olunacaq. Bunlar aşağıdakılardı: iqtisadi əməkdaşlıq; texnoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi; əmək miqrasiyasının tənzimlənməsi; sanksiya təzyiqlərinə və Qərbin MDB ölkələrinin daxili siyasətinə müdaxilə cəhdlərinə qarşı mübarizə; cinayətkarlıq və terrorizmlə mübarizədə əməkdaşlıq; könüllü hərəkatlar arasında qarşılıqlı əlaqə; vahid mədəni və humanitar məkanın qorunması və vətəndaşlar arasında mübadilənin genişləndirilməsi.