Azərbaycanda məktəblər distant təhsilə keçə bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev söyləyib. Bəs distant təhsil tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək?
Təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a açıqlamasında bildirib ki, məktəblərin distant təhsilə keçidi mümkündür:
“Belə ki, 2026–2027-ci tədris ilindən etibarən şagird sayı az olan, yəni bir sinifdə maksimum üç-dörd şagirdin təhsil aldığı məktəblərdə dərslərin distant formada təşkili nəzərdə tutulur. Hazırda təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması prosesi aparılır və bu çərçivədə bəzi məktəblərin birləşdirilməsi gündəmdədir. Birləşmə zamanı əsas məsələlərdən biri şagirdlərin daşınmasıdır. Bəzi hallarda valideynlər və şagirdlər bu daşınmanı istəmir, çünki proses həm çətin, həm də vaxt aparandır. Məhz bu səbəbdən qərara alına bilər ki, həmin şagirdlər distant formada təhsil alsınlar. Bu yanaşmaya əsasən, şagird sayı az olan ərazilərdə dərslərin distant formatda keçirilməsi planlaşdırılır”.
E.Əfəndi distant təhsilin keyfiyyətindən danışarkən bu sahədə pandemiya dövründən müəyyən təcrübənin formalaşdığını vurğulayıb:
“Düşünürəm ki, şagirdlərin uzun məsafə qət etməsi əvəzinə, distant dərslərə qoşularaq təhsil alması daha məqsədəuyğundur. Eyni zamanda, bir-iki şagird olan siniflərdə bəzi hallarda müəllimlərin motivasiyası aşağı olur, dərsdən yayınma halları artır. Distant təhsil isə bu cür problemlərin qarşısını qismən almaqla yanaşı, tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az