Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 20-də növbəti dəfə uçot dərəcəsini endirib. Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə endirilib.
Açıqlamada deyilir ki, qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.
Uçot dərəcəsinin azalmasının bank sektorunda hansı təsirləri olacaq?
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə isə, uçot dərəcəsi ölkələrin Mərkəzi Bankları tərəfindən kommersiya bankına verilən kreditin, yəni pul vəsaitinin geri dönüş faizidir:
"Mərkəzi Bankdan kommersiya bankları həmin krediti uçot dərəcəsiylə qəbul edir və vətəndaşlara üzərinə əlavələr edərək təyin edir. Uçot dərəcəsi bu zaman artırılır ki, krediti bahalaşdırırlar, pul bahalaşır və pul bahalaşan zaman bir növ dövriyyədə pul kütləsi azalır, pul kütləsi azalandan sonra isə iqtisadi aktivlik azalır, iqtisadi aktivlik azalanda isə tələb azalır, tələb azalanda isə inflyasiya azalır. Əgər iqtisadi artım normal şəraitdə davam etmirsə, bu zaman tələbi artırmaq və nəticədə iqtisadi aktivliyi artırmaq lazım olur. İqtisadi aktivliyin artırılması üçün isə pul kütləsinin artırılması vacib sayılır, pul kütləsini artırmaq üçün dövriyyəni artırmaq lazımdır və nəhayət bütün bu sadaladıqlarımızı artırmaq üçün isə kredit faizləri ucuzlaşmalıdır. Bu da Mərkəzi Banklar tərəfindən uçot dərəcəsi formasında idarə olunur. Bu məsələyə daha geniş şəkildə baxsaq, banklar üçün uçot dərəcəsinin aşağı olması daha əlverişlidir, ona görə ki, ən azından fəaliyyəti stimullaşdıracaq bir məsələdir. Faiz dərəcəsi qalxdıqda kredit faziləri artsa da, ümumi dövriyyədə azalmalar müşahidə olunur",
O qeyd edib ki, Azərbaycanda uçot dərəcəsinin banklara təsiri inkişaf etmiş ölkələrdə olduğu kimi deyil.
"Bu ondan irəli gəlir ki, kreditləşmədə kommersiya banklarının Mərkəzi Bankdan asılılığı yoxdur", - ekspert bildirib.
İqtisadiyyat üzrə ekspert Xalid Kərimlinin sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsini azaltmasının səbəbi proqnozlaşdırılan inflyasiya gözləntisinin aşağı salınmasıdır:
"İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk pul kütləsinin izafi genişlənməsidir. Cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var".
Ekspert qeyd edib ki, Mərkəzi Bank öz faiz dərəcəsini aşağı salmaqla qiymətli kağızların qiymətini də aşağı saldı.
"Yəni, Mərkəzi Bankın sənədlərinə də banklar yatırım edir. Əgər əvvəllər daha yüksək faiz qeyd olunurdusa, indi daha aşağı faiz qeyd olunacaq. Burada güman olunur ki, banklar getdikcə daha az həvəsli olacaqlar və əlavə gəlirləri Mərkəzi Bankın uçot sənədlərinə yatırım etməklə bir o qədər maraqlı olmayacaqlar. Eyni zamanda bunu da qeyd edərdim ki, Maliyyə Nazirliyinin də qiymətli kağızlarının dəyəri düşüb. Beləliklə, bankların dövlətin uçot sənədlərinə pul yatırmaları müəyyən qədər azalacaq, daha çox bazar sektoruna yatırım edəcəklər. Bu da növbəti ildən kredit aktivlərinin artması ilə nəticələnəcək. Bu proses kredit faizlərinə təsir edəcəyi gözləntisini təsdiqləyir". - o vurğulayıb.
Şükrət Amil

