Prezident İlham Əliyev Slovakiya Respublikasında rəsmi dövlət səfərindədir. Ölkə başçısı dekabrın 8-də slovak həmkarı Peter Pelleqrini ilə görüşüb.
İki ölkə arasında əməkdaşlıq prespektivləri və neft ixracı, hərbi sahədə əməkdaşlıq kimi məsələlər müzkairə olunub.
Prezident İlham Əliyevin səfəri bu gün də davam edir. Dövlət başçısı Slovakiya Milli Şurasının sədri ilə də görüşüb.
Prezidentin Slovakiya səfərini şərh edən Milli Məclisin Azərbaycan-Slovakiya Parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə Modern.az-a bildirib ki, gündəlik olduqca zəngindir:
"Bu səfər cənab Prezidentin Slovakiyaya ilk rəsmi dövlət səfəridir. Dövlət başçısının Slovakiya səfərinin gündəliyi olduqca zəngindir. Energetika sahəsində əməkdaşlıq, Azərbaycanın Slovakiyaya qaz ixracı və ixracın genişləndirilməsi, eləcə də qeyri-ənənəvi, yaşıl enerji layihələrinin inkişafı kimi məsələlər müzakirə olunub. Məlum olduğu kimi, Azərbaycanda Günəş və külək enerjisi istehsal olunur, həmin enerjinin bir hissəsi Qara dəniz vasitəsi ilə Avropaya çatdırılacaq, Slovakiya da həmin yaşıl enerjini alan ölkələrdən biri olacaq. Slovakiya Azərbaycana investisyalara, turizmə çox böyük maraq göstərir".
Deputat vurğulayıb ki, iki ölkə arasında müdafiə sənayesinin çox böyük planları var və bu Azərbaycanı sevindirir:
"Slovakiya həm Avropa İttifaqına, həm də NATO-ya üzvdür. Məhz bu səbəbdən Slovakiyanın təcrübəsi böyükdür. Müasir və yüksək texnologiyaların hərbi sənayedə tətbiqi, birbaşa uçuşların yaradılması, təhsil və elm sahəsində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcuddur. Kənd təsərrüfatında əməkdaşlıq daha çox Qarabağa aiddir. Slovakiya şirkətləri artıq bərpa işlərinə cəlb olunub. Bütün bunlar əməkdaşlıq üçün geniş prespektivlər yaradır və Azərbaycanın Avropa məkanında etibarlı dostluğu yaranır. Avropa məkanı da Azərbaycan vasitəsilə Orta Asiya və Çinə nəqliyyat dəhlizlərindən yararlanaraq, çıxış əldə edir. Yaşıl dəhlizlər, energetika və transport dəhlizlərindən söhbət gedir ki, Azərbaycan burada bağlayıcı rol oynayır və etibarlı partnyor olaraq, Orta dəhlizi inkişaf etdirir. Geosiyasi baxımdan çətin bir dövrdə Slovakiya-Azərbaycan əməkdaşlığı Avropanı Cənubi Qafqaza birləşdirməyə də dəstək olur".
Politoloq Elxan Şahinoğlu söyləyib ki, Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir:
"Xüsusilə də Azərbaycanın əsas ticarət tərəfdaşları məhz Avropa ölkələridir. Neftimizi, qazımızı əsasən Avropa ölkələri alır. Ortaq layihələr mövcuddur. Yaşıl enerjinin də son ünvanı Avropadır. Orta dəhliz və Zəngəzur dəhlizi ilə yüklər Avropa ölkələrinə daşınacaq. Bu baxımdan Azərbaycan Slovakiya ilə də əməkdaşlığa xüsusi əhəmiyyət verir".
E.Şahinoğlunun fikrincə, Qarabağda bərpa-quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı iki ölkə arasında əməkdaşlığın möhkəm bünövrə üzərində qurulmasına şərait yaradır:
"Slovakiya ilə hərbi sahədə də əməkdaşlıq mümkündür. Slovakiyanın bu sahədə böyük təcrübəsi mövcuddur. Keçmişdə Çexya ilə Slovakiyanın bir yerdə olduğu və Çexoslovakiya adlandırıldığı vaxtda həm Çexiya, həm də Slovakiyada hərbi zavodlar vardı. Bu sənaye iki dövlət bir-birindən ayrılandan sonra da davam etdi. Slovakiya da bu sahədə Azərbyacanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Slovakiya ilə birgə hərbi texnikanın istehsalını da həyata keçirə bilərik. Slovakiya buna hazırdır. Bu ölkə hər zaman Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Qarabağda tikinti və yenidənqurma işlərində Slovakiya şirkəti iştirak edir ki, bu da iki ölkə arasında əməkdaşlığın möhkəm bünövrə üzərində qurulmasına şərait yaradır". Milli Məclisin Azərbaycan-Slovakiya Parlamentlərarasi İşçi Qrupunun digər üzvü Elçin Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri iki ölkə münasibətlərində yeni əməkdaşlıq istiqamətlərinin əsasını qoyan mühüm siyasi hadisə kimi dəyərləndirilir: “ Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəri iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərini yüksəltməklə yanaşı, tərəflərin qarşılıqlı siyasi iradəsini və gələcəyə yönəlmiş əməkdaşlıq vizionunu daha da gücləndirir. Səfər zamanı aparılan təkbətək və geniş tərkibli danışıqlar da göstərir ki, Azərbaycan və Slovakiya münasibətlərin dərinləşdirilməsi üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində kifayət qədər geniş və real birgə fəaliyyət imkanlarına malikdirlər. Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlər bu ölkənin Azərbaycanı Cənubi Qafqazda mühüm strateji tərəfdaş kimi gördüyünü nümayiş etdirir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, böyük enerji resurslarına, təchizat infrasturukturuna, geniş tranzit imkanlarına malik və regionun ən güclü iqtisadiyyatına sahib olması Bratislavanın Bakı ilə əlaqələrin genişləndirilməsində marağını şərtləndirən əsas amillərdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə bu münasibətləri hüquqi-siyasi baxımdan ən yüksək mərhələyə qaldırıb və bu sənədin təsiri artıq real sahələr üzrə konkret əməkdaşlıq planlarında özünü göstərir.