Son illər ölkəmizdə skuter istifadəçilərinin sayı artıb. Lakin təəssüf ki, bir çox hallarda onlar da yol hərəkəti qaydalarını pozurlar. Bəs skuter istifadəçiləri hansı hallarda cərimələnirlər?
Nəqliyyat eksperti Aslan Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, skuterlər xüsusi nəqliyyat vasitəsi sayılmır:
“Yəni Yol Hərəkəti Haqqında Qanununda skuterlər də piyadalara aid edilən şəxslər siyahısına daxildir. Buna görə də onların qayda pozuntusuna görə 20 manat cərimə tətbiq olunur və bu cərimələr Post Patrul Xidməti tərəfindən rəsmiləşdirilir. Bildiyimiz kimi, Post Patrul Xidməti ümumi asayişə nəzarət edir və birbaşa cərimələrin yazılması, qaydalara əməl olunmasına nəzarət bu xidmət tərəfindən həyata keçirilir”.
Ekspert qeyd edib ki, yalnız qayda pozuntusu baş verdikdə cərimə tətbiq edilir:
“Qayda pozuntusu dedikdə yol hərəkəti qaydalarının pozulması, hərəkət təhlükəsizliyinə riayət olunmaması nəzərdə tutulur. Bunlar da bu qaydaların pozulması üçün əsas elementlər sayılır”.
Sevinc İbrahimzadə / Metbuat.az