Azərbaycan millisinin futbolçuları sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq matçından öncə baş tutan təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblər.
Metbuat.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.
O, futbolçuların məşqlərdə özlərini yaxşı göstərdiklərini və bütünlüklə sabahkı matça kökləndiklərini bildirib:
"Futbolçular təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblər. Oyunda onlardan nələr tələb etdiyimi anlayırlar. Bəzi futbolçular ölkə kubokunun final oyunundan sonra kollektivə qoşulublar. Buna baxmayaraq, eyni tempdə hazırlaşıblar. Bütünlüklə sabahkı oyuna köklənmişik".
Portuqaliyalı mütəxəssis çətin oyun olacağını söyləyib:
"Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəziləri məşqlərə gec qoşulmalarına baxmayaraq, ümumilikdə yaxşıdırlar. Kubokun finalından sonra komandaya qatılan oyunçularla son 2-3 gün ərzində yalnız taktiki məşqlər üzərində çalışa bildik. Dünən bərpa məşqləri keçmişik. Çempionatın yeni bitməsi, yorğunluq bəhanə ola bilməz. Çünki Latviyada hələ çempionat davam edir. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Bunu meydanda göstərəcəklərinə inanıram".