Demək olar ki, hər gün istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif bölgələrində zəlzələ baş verdiyinə dair xəbərlər yayılır. Bəs dünyada zəlzələlər niyə çoxalıb?
Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, bu, normal haldır, çünki geodinamik proseslər daim davam edir:
“Zəlzələlərin intensivliyi zəif, orta və güclü olur. Bu proseslər yer üzərində qeyri-bərabər şəkildə paylanır. Harada ki, geoloji proseslər, deformasiya, sıxılma, gərginlik baş verir, nəticədə süxur layları müəyyən bir kritik həddə çatır və müqavimət göstərə bilməyərək qəfil yer dəyişir. Bu zaman zəlzələ baş verir”.
T.Məmmədlinin sözlərinə görə, zəlzələnin dəqiq harada və nə zaman baş verəcəyini əvvəlcədən bilmək mümkün deyil:
“Çünki gərginliyin hansı anda kritik həddə çatacağını təyin etmək çətindir. Lakin məlumdur ki, bu cür proseslər əsasən böyük dağ silsilələri və təzadlı geoloji quruluşa malik ərazilərdə daha çox müşahidə olunur. Dünyada hər gün minlərlə zəlzələ baş verir. Onların arasında güclülər az, orta güclülər nisbətən çox, zəiflər isə daha çox saydadır. Bu, müəyyən qanunauyğunluqla izah olunur”.
Seysmoloq insanların gündəlik zəlzələ xəbərlərindən təşvişə düşməsinə münasibət bildirib. O qeyd edib ki, burada qorxulu bir vəziyyət yoxdur:
“Əsas məsələ yaşadığımız binaların zəlzələyə davamlı olmasıdır. Tikinti zamanı bu məsələ mütləq nəzərə alınmalıdır. Dövlətlər və müvafiq qurumlar da buna uyğun tədbirlər görür, tikinti normalarını müəyyən seysmoloji proqnozlara əsasən tənzimləyirlər. Məsələn, seysmoloqlar müəyyən bir ərazidə maksimum neçə bal gücündə zəlzələ ola biləcəyini bildirirlər və tikinti təşkilatları bu məlumatlara əsaslanaraq uyğun layihələr hazırlayırlar. Ancaq bəzi hallarda həmin maksimal göstəricinin müəyyənləşdirilməsi çətin olur. Yəni seysmoloq deyə bilmir ki, bu bölgədə maksimum bu qədər zəlzələ ola bilər, yoxsa daha güclüsü də mümkündür. Bu, seysmologiyanın əsas problemlərindən biridir. Buna baxmayaraq, alimlər və dövlət qurumları çalışırlar ki, ehtimal olunan güclü zəlzələlərə qarşı davamlı infrastrukturlar yaradılsın. Belə olduğu təqdirdə, insanlar daha təhlükəsiz və rahat şəkildə yaşaya bilərlər”.
Sevinc İbrahimzadə / Metbuat.az
