Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilən danışıqlardan sonra ilk dəfə Ukrayna ilə bağlı açıqlama verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kiyev hakimiyyətini terror aktları təşkil etməkdə və münaqişənin sülh yolu ilə həllində maraqlı olmamaqda ittiham edib.
Putin bildirib ki, Ukrayna iyunun 1-də Bryansk və Kursk vilayətlərində həyata keçirdiyi partlayışlarla, o cümlədən qadınlar və uşaqların həyatına təhlükə yaradaraq 2-ci raund danışıqları pozmaq məqsədi güdüb.
Moskvada keçirilən müşavirədə danışan Putin dəmir yolu infrastrukturuna edilən hücumların siyasi səviyyədə qəbul edilmiş qərar olduğunu deyərək bu addımı “açıq terror aktı” adlandırıb. O, “Ukrayna hökuməti terrorçu təşkilata çevrilib. Kiyevin dəstəkçiləri isə artıq bu terrorun ortaq iştirakçılarıdır”, - deyə əlavə edib.
Putin həmçinin Ukrayna və müttəfiqlərinin əvvəllər Rusiyanın "strateji məğlubiyyətini" xəyal etdiklərini, lakin indi geri çəkilən və ciddi itkilər verən Kiyev rejiminin terror aktlarına keçdiyini vurğulayıb.
Ukrayna ilə liderlər səviyyəsində yeni görüşün hazırkı şəraitdə mümkün olmadığını deyən Rusiya lideri “Terrora arxalananlarla nə danışmaq olar?” – ifadəsini işlədib.
Putin Rusiya tərəfindən təklif olunan və Ukraynanın rədd etdiyi 2-3 günlük atəşkəsə də münasibət bildirib: “Bu bizi təəccübləndirmədi. Bu, bir daha göstərir ki, Kiyev sülh istəmir, onların yeganə marağı hakimiyyətlərini qorumaqdır”.