Bildiririk ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, "Azercell" son günlərdə abunəçilər arasında yaranmış narazılıqla bağlı məsələyə aydınlıq gətirib. Bildirilib ki bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır. Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.
Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək. Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu.