"Apple"ın payız aylarında təqdim edəcəyi "iPhone 17" seriyası ilə bağlı yayılan yeni məlumatlar, xüsusilə də standart model üçün gözləntiləri qarşılamaya bilər.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sızınılar "MacRumors" tərəfindən yayımlanıb. Məlumatlara görə, "iPhone 17"nin əsas versiyası keçən ilki "iPhone 16" ilə eyni texniki göstəricilərlə – A18 çipi və 8 GB RAM ilə satışa çıxarılacaq.
Bu isə performans baxımından "Apple"ın diqqətini əsasən "Pro" modellərə yönəltdiyini göstərir. Çünki yayılan məlumatlara görə, "iPhone 17 Pro", "Pro Max" və seriyaya əlavə olunması gözlənilən "iPhone 17 Air" modellərində A19 prosessoru və 12 GB operativ yaddaş istifadə ediləcək.
Genişlənən ekran, dəyişməyən məzmun
"iPhone 17" standart modelində diqqətçəkən əsas fərq ekran ölçüsündə olacaq. İddialara görə, ekran 6.1 düymdən 6.3 düymə qədər böyüyəcək. Bu isə vizual baxımdan istifadəçi təcrübəsinə müsbət təsir göstərə bilər. Ancaq prosessor və yaddaş baxımından heç bir yeniliyin olmaması, xüsusilə süni intellekt tətbiqlərinin artdığı dövrdə suallar doğurur.
Halbuki "Android" bazarında artıq orta səviyyəli modellər belə 12 GB RAM ilə təqdim olunur. "Apple"ın əsas modeldə 8 GB RAM ilə davam etməsi, bəzi istifadəçilər tərəfindən geridə qalmaq kimi qiymətləndirilə bilər.
Kamera dəyişmir, suya davamlılıq qalır
48 MP əsas kamera və IP68 sertifikatı ilə suya və toza qarşı davamlılıq bu modeldə də qorunacaq. Amma kamera modulu və ümumi quruluş baxımından ciddi bir dəyişiklik gözlənilmir. Yəni "Apple" daha çox yazılım təkmilləşdirmələrinə üstünlük verəcək.
Yeni "iOS" və məhdud imkanlar
Yeni modellərlə birgə təqdim olunacaq "iOS 26" (iOS 19) sistemində xarici ekran dəstəyi kimi bəzi yeniliklər olsa da, prosessor və RAM baxımından məhdudiyyətlər, bu funksiyalardan tam yararlanmağa mane ola bilər.
Bəzi analitiklər "Apple"ın bu fərqləndirmə siyasətini "Pro" və "Air" modellərinin satışını artırmaq məqsədi daşıdığını düşünür. Daha yüksək performansa ehtiyac duyan istifadəçilər daha bahalı modellərə yönəlməyə məcbur olacaq. Bu da "Apple"ın ortalama satış qiymətini yüksəltmək strategiyasına uyğun görünür.