Çərəzlər zəngin tərkibi baxımından insan orqanizminin ehtiyacı olan gündəlik vitamin və mineral normasını qarşıladığı kimi, eyni zamanda beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.
Metbuat.az xəbər verir ki, çərəzlərin qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur. Qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.
Fındığın tərkibi zülallarla, karbohidratlarla, doymamış yağlarla, E və B qrupu vitaminlərlə, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 %-i insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Fındıq orqanizm üçün olduqca faydalıdır. Belə ki, immun sistemini gücləndirir, sinir sisteminə faydalıdır, diabet riskini azaldır, eləcə də xərçəngə qarşı orqanizmi qoruyur.
İydə və innabın da tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr vardır. Bu maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Belə ki, iydə kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyalarında faydalıdır. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir.
Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamağa kifayət edir. Miqdarına diqqət edilməklə günün hər saatında istehlak edilə bilər.
Çərəzləri alarkən onun xarici görünüşünə, həm də məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmamasının və sağlamlıq üçün təhlükəli olduğunun göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.