“Tələbə təqaüdlərinin artırılması məsələsinə baxılması nəzərdə tutulub”.
Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
O bildirib ki, məbləğlə bağlı məlumat hələlik məlum deyil.
“Bu barədə daha dəqiq məlumatı yəqin ki, Elm və Təhsil Nazirliyi verə bilər. Məsələ ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır və təhlillər həyata keçirilir. Ölkə rəhbərliyi maraqlıdır ki, təhsil daha da inkişaf etsin və tələbələr keyfiyyətli təhsil alsınlar. Tələbələrin rifah halının yaxşılaşdırılması və onların rahat təhsil alması üçün dövlət bütün zəruri addımları atır. Ona görə də bu təşəbbüsün də uğurla həyata keçiriləcəyinə heç bir şübhə yoxdur. Yəqin ki, məsələyə baxılacaq, qərar veriləcək və bu barədə cəmiyyətə məlumat təqdim olunacaq”, - deyə C.Məmmədov qeyd edib.